Keçmiş iş adamı onun evindən sevgilisini aparmaq istəyən sahibkarı bıçaqladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada
təqsirləndirilən Dəmir Əlibəylinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 24 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində paytaxt
ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Dəmir Əlibəylinin tanışı, zərərçəkmiş Qabil Qüdrətov onun kirayə
yaşadığı ünvana gələrək əvvəlcə mənzilin qapısını təpiklə vurub. Zərərçəkmiş
təqsirləndirilən şəxsin qeyri-rəsmi arvadı Səmanı özü ilə aparmaq istəyib. Bu
zaman onların arasında mübahisə düşüb. Dəmir əlində olan şüşə qabla və taxta
ilə Qabilin bədəninin müxtəlif nahiyələrinə zərbə endirib. Daha sonra o, mətbəx
bıçağı ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif yerlərinə vuraraq, ona
xəsarət yetirib.
Hadisədən sonra Dəmir Əlibəyli saxlanılıb.
Məhkəmədə Dəmir Əlibəyli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O
deyib ki, özü Gəncə şəhərində böyük iş adamı olub, sonra maddi cəhətdən
vəziyyəti yaxşı olmadığı üçün Bakıya gəlib. Burada icarəyə kafe götürüb
işlətməyə başlayıb. Kafedə də işləri yaxşı olmadığı üçün onu bağlamalı olub.
Sonra Səma doqquz ay sahibkarlıqla məşğul olan Qabilin yanında işləyib. Dəmir
Əlibəylinin sözlərinə görə, hadisədən əvvəl Səma ilə Qabilin arasında nəsə
olduğunu eşidib, lakin zərərçəkmiş and içərək belə bir halın baş vermədiyini
söyləyib.