ABŞ prezidenti Donald Tramp təəccübləndirməyə davam edir. Ağ Ev rəhbərinin bir çox qərarları geniş müzakirələrə və polemikalara yol açır. Onun İsrailin Suriyanın işğal altında olan torpaqları – Qolan təpələri üzərində suverenliyinin tanınması barədə fərmanı son bir neçə gün ərzində gündəmi zəbt edib. Trampın bu qərarı beynəlxalq siyasi qaydaları tamamilə dəyişir, müəyyən bir presedent yaradır; beynəlxalq hüquq artıq sərhədlərin pozulmazlığını təmin etmir.
İsrailli politoloq, İsrail müdafiə qüvvələrinin keçmiş zabiti Rami Suris ÇıxışYolu.Com-a verdiyi müsahibədə Trampın bu qərarı, onun bu qərarı nə üçün məhz indi qəbul etməsi və bu qərarın Yaxın Şərq regionu üçün və ümumiyyətlə, beynəlxalq siyasətdə hansı nəticələrə gətirib çıxaracağı barədə danışıb.
– ABŞ prezidenti İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyıb. Bu addımı necə dəyərləndirirsiniz və bu, hansı nəticələrə gətirib çıxa bilər?
– Ondan başlayım ki, bir çox ölkələrdə seçkilər ərəfəsində, yəni seçkilərə azı bir ay qalmış beynəlxalq təmaslar şəklində inzibati resurslardan istifadə etmək məqsədilə beynəlxalq səfərlər qadağan olunub.
İndiki halda baş nazir postuna namizədlərdən biri və hazırkı baş nazir faktiki olaraq inzibati resursdan istifadə edib və İsraildə kifayət qədər populyar olan prezident Trampın dəstəyini qazanmaq məqsədilə ABŞ-a yollanıb.
Bu, ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanıması şəklində özünü büruzə verdi. Bütün bu proseduru elə məhz Trampın hazırkı İsrail baş nazirinə seçkiqabağı dəstəyi kimi nəzərdən keçirmək lazımdır. İctimai rəy sorğularının nəticələrinə görə, o, İsrail vətəndaşlarının çoxluğunun səsini qazanmayıb.
Qolan təpələri və oradakı vəziyyətin bu mövzu ilə az əlaqəsi var. Təpələr Altıgünlük müharibənin gedişində tutulduğu andan bəri – 52 ildir ki, İsrailin nəzarətindədir. İsrailin onun üzərində suverenliyi çoxdan qanun şəklində təsbit olunub.
Beynəlxalq ictimaiyyət həmin vaxt bölgənin İsrailə ilhaqını tanımamışdı. Elə indi də tanımır və yaxın gələcəkdə tanıyacağı gözlənilmir də. Ona görə, bir daha təkrarlayıram, bunun təpələrin statusuna heç bir təsiri yoxdur.
– Trampın bu qərarını beynəlxalq münasibətlərin tam iflası kimi qiymətləndirmək olar?
– Beynəlxalq münasibətlərin iflası, eləcə də, ümumilikdə beynəlxalq hüququn iflası çoxdan baş verib, bunu bu gün də müşahidə edə bilərik. Bir ölkənin, hətta dünyanın ən güclü dövlətinin suverenliyi tanıması mahiyyət baxımından beynəlxalq təhlükəsizlik sistemi və beynəlxalq qanunvericilikdə heç nəyi dəyişmir.
Dünyada beynəlxalq hüquq və beynəlxalq qanunların ayaqlar altında tapdalandığı bir çox münaqişələr və qaynar nöqtələr var. Kifayət qədər misal gətirmək olar – Qarabağ, Krım, Suriya, və digər qaynar nöqtələr. Orada vəziyyət Qolan təpələrindəki vəziyyətdən yaxşı deyil ki, pisdir. Hərçənd bu amil bu kimi məsələlərdə beynəlxalq riyakarlığın qarşısını almır.
– Bundan sonra Suriya və İsrail arasında münasibətlərin daha da gərginləşəcəyini gözləmək olar?
– 1973-cü il müharibəsindən sonra Suriya-İsrail sərhədində yerləşən Qolan yaylası hərbi qarşıdurma baxımından bölgənin ən sakit yerlərindən sayılır. Əlbəttə ki, Suriya Ərəb Respublikası və İsrail arasında heç bir müharibə və ya münaqişə gözlənilmir.
Başlıca olaraq ona görə ki, müharibənin gedişində zəifləmiş və seyrəlmiş, qabaqcıl hərbi texnikası olmayan və İran və Rusiyanın dəstəyi sayəsində güc-bəla ilə ayaqda duran Suriya ordusu çətin ki, İsrailə qarşı müharibə elan etməyə cəhd etsin. Bu baş versə, birmənalı olaraq Suriya ordusu darmadağın olacaq və Əsəd rejiminin süqutu ilə nəticələnəcək.
– Dünyada çözülməmiş bir sıra ərazi mübahisələrinin olduğu şəraitdə belə bir presedenti necə qəbul etmək olar?
– Bu presedenti yalnız ABŞ administrasiyasının seçkilər ərəfəsində İsrailə qeyd-şərtsiz göstərdiyi dəstək kimi nəzərdən keçirmək lazımdır, üstəlik, Trampla İsrail baş naziri arasında şəxsi müstəvidə olan dostluq münasibətləri faktı nəzərə alınmalıdır.
Nizamlanmamış digər münaqişələrə gəlincə, orada da analoji vəziyyət müşahidə olunur: məsələn Qarabağda Rusiya hansısa tərəfi dəstəkləyir, keçmiş Yuqoslaviyada Avropa İttifaqı hansısa tərəfi dəstəkləyir, Suriyada Türkiyə hansısa tərəfi dəstəkləyir.
Dünyanın, demək olar ki, bütün qaynar nöqtələrində bunu görə bilərik. Ona görə Qolan təpələri ilə bağlı məsələni ümumi siyahıdan çıxarmaq mənasızdır, bu, təzə məsələ deyil.