aa475810-7c68-4a10-8ab8-b21d238e2b9e..jpg

Keçmiş liderin yeni funksiyada təqdimatı: Kemeron dəyişən Avropada hansı rolu oynayacaq? – ŞƏRH + FOTO

Baxış sayı: 575 dəfə baxılıb.

Keçmiş liderin yeni funksiyada təqdimatı: Kemeron dəyişən Avropada hansı rolu
oynayacaq? – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa dəyişir, uzun illər tolerant, multikultural olaraq tanınan qitədəki
olaylar yeni şəraitin yaranacağını ehtimal etməyə əsas verir.

Məsələn, faşist Almaniyasından sonra yəhudilər üçün ən əmin-aman bölgə sayılan
Avropa indi antisemitizmə liderlik edir. Bu qitə diktaturadan canını
qurtaranların pənah yeri idi. Ancaq indi Avropa müsəlman mühacirlər üçün
narahat bölgəyə çevrilib. Elə Afrikadan, Asiyadan gəlmələr üçün də bu ərazi
dinc və əmin-aman sayılmır.

Avropada nə baş verir? O, tolerantlıq, multikultural dəyərlərdən imtina edir?
Yaxud antimiqrasiya siyasəti həyata keçirən qitəyə çevrilib?

HƏMAS-İsrail müharibəsi qitənin də simasını göstərdi. Avropa İttifaqının milli
təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozef Borrelin bu savaşı
“dinlərarası və ya sivilizasiyalararası” toqquşma kimi təqdim etməsini birliyin
məsələyə yanlış yanaşmasının göstəricisi kimi dəyərləndirmək olar.

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeronun noyabrın 13-də krallığın
xarici işlər naziri təyin edilməsi qitədə baş verənlər fonunda təsadüfi
sayılmamalıdır.

Qısa olaraq xatırlaya bilərik ki, Devid Kemeron 2010-cu il mayın 11-dən
2016-cı ilə iyulun 13-dək baş nazir olub. Onun başçılıq etdiyi hökumət Böyük
Britaniya üçün iki çox böyük sınaqdan çıxıb: Şotlandiyanın krallığın tərkibində
qalıb-qalmaması ilə bağlı referendum, bir də “Brexit”.

Referendumda Avropa İttifaqını tərk etməyin tərəfdarları qalib gəldikdən sonra
Devid Kemeron istefa verib və onu Tereza Mey əvəz edib.

Devid Kemeron daha çox multikultural siyasətə qarşı çıxan siyasətçi kimi yadda
qalıb. O, baş nazir olanda britaniyalıları passiv tolerantlıqdan imtina etməyə
çağırıb.

2011-ci ildə 47-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Devid Kemeron
bildirmişdi ki, uğursuz multikulturalizm siyasətindən birdəfəlik imtina etmək
və Qərbin liberal dəyərlərini daha aqressiv müdafiə etmək lazımdır.

O, “milli multikulturalizm” siyasətinin iflasa uğradığını bəyan edərək
avropalı tərəfdaşlarına “ayılın və sərhədlərimiz daxilində baş verənləri dərk
edin” çağırışı etmişdi.

Devid Kemeronun qənaətincə, həqiqi liberal dövlət müəyyən dəyərlərə inanır və
onları fəal şəkildə təbliğ edir: “Söz azadlığı, din azadlığı, demokratiya,
qanunun aliliyi, cins, irq və cinsi oriyentasiyadan asılı olmayaraq, hər kəs
üçün bərabər hüquqlar. Cəmiyyətimizi müəyyən edən budur”.

Bu toplantıdan bir il öncə keçirilən konfransda Almaniyanın ovaxtkı kansleri
Angela Merkel də oxşar bəyanatla çıxış etmişdi. O, ölkəsində multikultural
cəmiyyət qurmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini vurğulayaraq demişdi
ki, müxtəlif mədəni mənşəli insanların bir-biri ilə dinc, yanaşı yaşaya
biləcəyini nəzərdə tutan multikulturalizm konsepsiyası Almaniyada işləmir.

Devid Kemeronun baş nazirliyi dövründə eynicinslilərin nikahı leqallaşdırılıb.

O, 2010-cu ilin iyulunda Türkiyəyə səfəri zamanı bu ölkənin Avropa İttifaqına
üzvlüyü üçün mübarizə aparacağına söz versə də, danışıqlar prosesinin ləng
aparılmasından narahat olduğunu bildirmişdi. D.Kemeron Türkiyənin “böyük Avropa
gücü” ola biləcəyini və Yaxın Şərqlə əlaqələrin qurulmasına yardım edəcəyini də
vurğulamışdı.

2016-cı ilin mayında, yəni “Brexit”dən iki ay əvvəl isə o demişdi ki, bugünkü
irəliləyişlə Türkiyənin Aİ-yə üzv olması üçün 3000 il lazım olacaq.

Böyük Britaniyanın xarici siyasət kursunda hələ dəyişməyən məsələlər var: Bu,
Yaxın Şərq siyasəti, Rusiya-Ukrayna müharibəsi, Çinlə münasibət, Hind və Sakit
okeanı hövzəsində təhlükəsizlik, energetika sahəsində təhlükəsizlik, şaxələnmə
və sairədir.

Devid Kemeronun XİN başçısı təyin edilməsi ilə Böyük Britaniya Avropa üçün
yeni mərhələnin startını verir. Avropa yeniləşir. O yeni dövrdə antimiqrasiya
siyasətini daha da sərtləşdirə bilər. Habelə multikulturalizmə baxışın
dəyişəcəyi gözlənilir. Bu, həm də tolerantlıq səviyyəsinin aşağı düşməsinə
səbəb ola bilər. Kemeronun təyinatını Böyük Britaniya üçün yeni hökumət
başçısının siqnalı da saymaq olar.

Fransa və Almaniyanın liderlik etdiyi Avropa İttifaqı beynəlxalq arenada
gözdən düşür. Çünki dünyada baş verən böyük hadisələrdə özünü dişsiz, yedəkdə
gedən qurum kimi göstərir. Aİ-nin yürütdüyü siyasi kurs onu ABŞ-yə alternativ
olmaq imkanından məhrum edir.

Dünyada nizam pozulur. Yeni düzənə yeni liderlərə ehtiyac yaranır. Bu sırada
Avropa ümidləri hələ də doğrultmur. Devid Kemeron krallığın dünya liderliyinə
töhfə verə biləcək? 12 il öncəki düşüncəsi dəyişib? Hər halda siyasətdə əbədi
dost olmur. Hələlik krallıq keçmiş liderini yeni funksiyada təqdim edir…

“Report” İnformasiya Agentliyi

Source link