Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla
ağlayıram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Böyüklərimizə bu günləri görmək nəsib olmadı”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünMəxmər Quliyeva deyib.
O bildirib ki, həyatının ən gözəl gününü yaşayır:
“O ağrılı-acılı günləri xatırlamaq istəmirəm. Hər dəfə yadıma düşəndə
saatlarla ağlayıram. Çətinliklə çıxdıq Füzulidən, bir neçə dəfə qarşımızı
kəsdilər. Ermənilər bizim gəncliyimizi, ömrümüzün böyük bir hissəsini məhv
etdilər. Valideynlərimiz, ağsaqqal-ağbirçəklərimiz vəfat etdilər, bu günləri
görmədilər. Mən də bir oğlumu itirdim, çox istəyərdim ki, o da bu günləri
görsün.
İndi nəvələrimlə, nəticəm də var artıq, onlarla birlikdə doğma şəhərimizə
qayıdırıq. Bizim gəncliyimiz, ömrümüzün ən nəşəli günləri orada keçib.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu
mərhələdə daha 39 ailə (150 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 744 ailənin, yəni 2 839 nəfərin
daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova