Keçmiş məcburi köçkün: “Şuşaya köç etmək tarixi hadisədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Şəhid bacısı kimi Şuşaya köç etmək tarixi hadisədir. Mənim nəinki tək
qardaşım, yüzlərlə, minlərlə qardaşlarım bu torpaqlar uğrunda şəhid olublar”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün
Nəzakət Fazil qızı İsgəndərova deyib.
O qeyd edib ki, qardaşı Firdovsi Fazil oğlu Vəliyev Xocalı soyqırımı günü –
1992-ci il fevralın 26-da şəhidlik zirvəsinə ucalıb:
“Biz olmazın dəhşətləri, vəhşətləri yaşamış insanlarıq. Ən yaxınlarımızı,
doğmalarımızı itirmişik, 30 il yurd həsrəti ilə qovrulmuşuq. Çox şükürlər olsun
ki, bu günləri görməyə ömrümüz yetdi. Bu gün Şuşaya bir əlimdə sevinc, bir
əlimdə kədər aparıram. Qardaşımın, yüzlərlə şəhidimin üz qoyduğu, qan tökdüyü
torpaqlara qayıdıram. Bundan qürurlu heç nə ola bilməz. Allah bundan sonra
balalarımıza müharibə göstərməsin. Qalan ömrümüzü firavanlıq, sülh,
əmin-amanlıq içərisində öz doğma yurdumuzda ömür sürməyimizi nəsib eləsin.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınıb. Bu
mərhələdə daha 38 ailə (136 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi
məskunlaşması təmin edilib.
Aytac Qasımova