Keçmiş nazir: “COP iqlim problemlərini həll etmək, beynəlxalq ictimaiyyət üçün
mühüm vasitədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı
(COP) qlobal ekoloji problemlərin həlli üçün mühüm platformadır.
Bu barədə “Report”a açıqlamasında Serbiyanın sabiq təbii sərvətlər və ətraf
mühitin mühafizəsi naziri, ekologiya və iqlim dəyişikliyi üzrə beynəlxalq
məsləhətçi Andelka Mixaylov bildirib.
Onun sözlərinə görə, COP və ətraf mühit üzrə çoxtərəfli sazişlər iqlim
dəyişikliyi ilə mübarizə üçün ideal olmasa da, bu gün onlar beynəlxalq
ictimaiyyətin malik olduğu ən yaxşı vasitədir və buna görə də COP29-a fəal
hazırlıq görülməlidir.
A.Mixaylov deyib ki, belə konfransların məqsədi ciddi iqlim problemləri üzrə
konsensusa nail olmaq və iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planını
qəbul etməkdir:
“Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29-da bu fəaliyyət planının
konkret olaraq necə həyata keçiriləcəyinə cavab verilməli və maliyyə
mexanizmləri hazırlanmalıdır”.
Professor qeyd edib ki, bu istiqamətdə addım və nəticələrin ardıcıllığına nail
olmaq üçün iştirakçıların arqumentlərinin dinlənilməsi və razılığa gəlmək
istəyi zəruridir, çünki ətraf mühit və iqlim dəyişikliyi ilə sıx bağlı olan
insanlığın gələcəyi təhlükə altındadır.
O vurğulayıb ki, siyasi qərarlar elmi araşdırmalara əsaslanmalıdır:
“198 ölkə Paris Sazişinin icrasını nəzərdən keçirmək və əsas məqsədi planetdə
dayanıqlı gələcəyi təmin etmək olan qərarları razılaşdırmaq üçün böyük
potensiala malikdir”.