Dünən Kemerovada 64 nəfər uşaq və böyüyün həlak olduğu (altı nəfər xəbərsiz itkin düşmüş hesab edilir) “Zimnyaya Vişnya” ticarət və əyləncə kompleksində 20 saat davam edən yanğınsöndürmədən sonra bu gün kütləvi etiraz aksiyası başlayıb.
ÇıxışYolu.Com Fn-volga.ru-ya istinadən xəbər verir ki, bu gün səhər şəhər administrasiyasının qarşısında 300 nəfərə yaxın insan yığılıb.
Eyni zamanda, mitinq yerindən çəkilən videoda daha çox iştirakçı sayının olduğu görüntülənib.
“Şəhər əhalisi bazar günü baş vermiş faciə ilə bağlı hökumətdən həqiqəti danışmağı tələb edir. Çoxları qurbanların sayı barədə dərc olunmuş məlumatın doğruluğuna inanmır; digərləri isə hesab edirlər ki, yanğın başladıqdan az sonra ticarət mərkəzinə gələn xilasedicilərin sayı çox az idi və onlar insanları xilas etmək üçün lazım olan heç nəyi etməyiblər. İzdiham vaxtaşırı “Həqiqət!” və “İstefa” deyərək qışqırır”, – agentlik bildirir.
TASS yazır ki, bu gecə prezident Vladimir Putin Kemerovaya gəlib. O, “Zimnyaya Vişnya”nın yanında əhali tərəfindən təşkil edilmiş memorialın qarşısına qızılgül dəstəsi qoyub. Hökumət başçısı və Sibir Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Sergey Menyaylo yanmış binanın fasadına baxış keçiriblər.
RF-nın səhiyyə naziri Veronika Skvortsova bu ərəfədə KİV-ə məlumat verib ki, Kemerovada baş verən faciədən sonra xəstəxanaya yerləşdirilmiş şəxslərin sayı 15-ə çatıb, qohumları 13 nəfər uşağın meyitini tanıyıblar.
İstintaq Komitəsi xəbər verib ki, istintaqçılar yanğın zamanı 21 nəfər həlak olmuş şəxsin meyitlərini almaq üçün onların qohumlarına icazə veriblər. Həlak olanların dəfn mərasimi sabah keçiriləcək.
Bundan əvvəl sosial şəbəkələrdə Kemerovada baş vermiş yanğında 100-dən çox insanın həlak olduğu xəbərləri yayılmışdı. İstintaq Komitəsi bildirib ki, bu məlumat düzgün deyil.