90b31c29-f9b1-403a-bab2-e04d8dc0981c.jpg

Kemi Seba: “COP29 neokolonializmin müzakirəsi üçün mühüm platforma olacaq”

Baxış sayı: 231 dəfə baxılıb.

“Ekoloji problemlərlə üzləşən Afrika xalqları neokolonializm məsələsini
qaldırmaq üçün “COP29″ platformasından istifadə etməlidirlər”.

Bunu “Reporta”a müsahibəsində məşhur fəal və Afrika xalqlarının hüquqları
uğrunda mübarizə aparan Kemi Seba deyib.

“Əvvəlki COP iqlim konfranslarında təəssüf ki, hegemon ölkələrin öz ucqar ada
ərazilərində ekoloji problemlərə məhəl qoymaması məsələsi qaldırılmayıb. Hesab
edirəm ki, bu, neoliberal siyasət tərəfdarlarının mövzunu müzakirə etməkdən
yayınması ilə bağlıdır. Bunun arxasında Afrikadakı torpaqlarımızı sadə ekoloji
standartlara belə əməl etmədən istismar edən dövlətlər dayanır. Beynəlxalq
korporasiyalar Afrikaya dağıdıcı yanaşmaları ilə meşələrimizi və ətraf
mühitimizi məhv edir, mineral ehtiyatlarımızı istismar etməklə yanaşı
resurslarımızı tükəndirir. Buna görə də Afrika öz səsini ucaltmalı və ekoloji
problemləri neokolonializmlə əlaqələndirərək COP konfransında bu məsələni
qaldırmalıdır”, – o deyib.

Fəal qeyd edib ki, əgər Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək
imkanı verilsə, Afrika qitəsində ətraf mühitin məhv edilməsi məsələsini
qaldıracaq:

“Əgər Bakıda COP29-da iştirak etmək imkanım olsa, tezisim çox sadə olacaq. Mən
deyəcəyəm ki, bu gün Qərb Afrikanın təbii sərvətlərini necə həyasızcasına
talayır. Hazırda xalqların ənənəvi yaşayış mühitini və qlobal Cənub
ekologiyasını məhv edən Qərbin psevdoekoloji yanaşmasına qarşı mübarizə aparmaq
lazımdır. Qərb ölkələrinin ekologiyası yalnız maddi dəyərlərə əsaslanır, Afrika
ölkələrinin ekologiyası isə mənəvi, metafizik ölçüyə malik ekologiyadır. Biz
dünya ekologiyasını müstəmləkəsizləşdirməli və insanla təbiət arasında
harmoniya yaratmalıyıq”.

“URGENCES PANAFRICANISTES” adlı QHT-nin rəhbəri bildirib ki, onun təşkilatı
neokolonializmə qarşı mübarizə və Afrika qitəsində sosial ədalətin bərqərar
olması ilə birləşən müxtəlif pan-afrikalı strukturlarla sıx əməkdaşlıq edir.
Fəal Qərbin neokolonializmi ilə mübarizə üçün Bakı Təşəbbüs Qrupu ilə əlaqə
yaratmağın vacibliyini xüsusilə vurğulayıb: “Biz qrup ilə ortaq mövqe tapmışıq
və bu məsələlərdə tədricən eyni istiqamətdə irəliləyirik”.

Fransız neokolonializminin aparıcı tənqidçisi qeyd edib ki, beynəlxalq
platformalarda Afrika nümayəndələrinə inamın olmamasına baxmayaraq, bu, onların
öz səslərini və tələblərini dünya səhnəsində eşitdirməyə mane olmur.

“Amma mən inanıram ki, COP29 Afrikanın ekoloji problemləri kontekstində
səsimizi eşitdirmək üçün bir fürsət ola bilər. Bakıda konfransda iştirak etmək
imkanı yaranarsa, mən bütün bu problemləri səsləndirəcəyəm”.

Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın
simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə
aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə
Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə
vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın
dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu
vətəndaşlıqdan məhrum edib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün
dəfələrlə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi
müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da
1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min,
“YouTube”da isə 230 min izləyiciyə malikdir.

Source link