“Keşlə”nin matçı danışılmış oyunlar siyahısına salınıb?

Baxış sayı: 2. 788 dəfə baxılıb.

“Keşlə”nin matçı danışılmış oyunlar siyahısına salınıb?

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Balzan” (Malta) – “Keşlə” oyununun nəticəsinin (4:1) şübhəli oyunlar siyahısına salındığı deyilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu iddia ilə “Futbolinfo” saytı çıxış edib.

İddiaya görə, iyulun 12-də Maltada baş tutan oyuna həddindən artıq pul qoyuluşu edilib və mərclərin 80-85 faizi sensasiyaya, sonradan uduşa çevrilən varianta qoyulub.

Asiya kontorlarında bu qoyuluşlar daha çox olub. Belə ki, matçın qol-qol, üst, meydan sahibinin üstlə qələbəsi, ilk hissənin üst, 4+, taym və oyun 1, 3+, 4+, eləcə də 5+a yarım milyon dollardan çox vəsait yatırılıb. “Balzan”ın 4:1 hesabı ilə qalib gəldiyini nəzərə alsaq, variantların hamısı işləyib və mərcedənlər qoyduğu pulun 4-5 mislini götürüb.

Həmin sayt iddia edir ki, UEFA bütün bunlardan xəbərdardır və iyirmiyə yaxın şübhəli matçın içərisində ən çox araşdırma apardığı məhz bu qarşılaşmadır. Çünki oyunun gedişində də canlı pul qoyuluşu davam edib və məbləğ daha da şişib.

Məsələ ilə bağlı “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi bu barədə onlarda informasiya olmadığını bildirdi:

“Biz bu xəbər çıxdıqdan sonra xarici mənbələrdə axtarışa çıxdıq. Lakin heç bir yerdə bu oyunun UEFA-nın şübhəli matçları sırasına daxil edilməsi ilə bağlı məlumata rast gəlmədik. Bizə UEFA-dan bu haqda məlumat gəlməyib. Əgər kimdəsə belə bir məlumatın mənbəyi varsa, buyursunlar, bizə təqdim etsinlər. Biz də buna görə öz müvafiq araşdırmamızı aparaq”.

Qeyd edək ki, “Keşlə” cavab oyununda Bakıda rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, mərhələ keçə bilməyib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com