56466d49-4c7c-46bb-9c3c-7207d18609e0..jpg

“Kino Agentliyinin sədri bəlli olanda nə deyinmək lazımdı, nə də…” – MÜSAHİBƏ

Baxış sayı: 695 dəfə baxılıb.

“Kino Agentliyinin sədri bəlli olanda nə deyinmək lazımdı, nə də…” – MÜSAHİBƏ

“Azərbaycan xalqının mentaliteti elədir ki, onlar sistemə, struktura yox,
şəxsiyyətə önəm verirlər. Sistem, struktur ideal olsa da, şəxsiyyət onları qane
etməsə, narazılıqları olur”.

Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoprodüser Əli İsa
Cabbarov Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Onunla müsahibəni təqdim edirik:

“Hamı Kino Agentliyinin heyətinin formalaşmasını gözləyir”

– Əli İsa bəy, ötən həftə ölkədə Kino Forumu keçirildi. Forumun əhəmiyyəti,
gələcək üçün faydaları nədən ibarətdir? Bir kinematoqrafçı kimi forumdan hansı
təəssüratlarla ayrıldınız?

– Kino Forumunu toya bənzətsək, toyun buraxdığı təəssüratlardan asılı
olmayaraq gənc ailənin necə həyat yaşaması daha vacib sayılır. Gözəl və
təmtəraqlı bir toy dava-dalaşlı ailənin də, yaxud əksinə, xoşbəxt bir ailə
icmasının da başlanğıcı ola bilər. Bütün hallarda forum qənaətbəxş, lazımlı
layihə kimi yadda qaldı. Cənab nazirin sona qədər oturub bütün çıxışları, açıq
söhbətləri dinləməyi xoş təsir bağışladı və məndə böyük ümidlər yaratdı. Hər
bir insanın yazılı müraciətlərini qəbul etmək üçün yer də ayrılmışdı.

Forumdan sonra bizə – Azərbaycan Kinematoqrafçılar İttifaqına təcili
təkliflərimizi göndərməklə bağlı müraciət olundu. Hazırda bunun üzərində
işləyirik.

Forum həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının peşəkarlar arasında
reytinqi və peşəkarların İttifaqa etibar səviyyəsini də göstərdi. Həm
sədrimizin, həm də İttifaqın iki katibinin çıxışları ümumi, milli və mədəni
maraqlarımızın tərəfindən idi və iştirakçıların çox böyük razılığı ilə
qarşılandı. Hamı Azərbaycan Kinematoqrafçılar İttifaqının mövqeyini, sənət
maraqlarının yanında olduğunu gördü.

Aydın məsələdir ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi bu sahəni
canlandırmaq və ona təzə nəfəs vermək üçün durumdan xəbərdar olmaq, diaqnoz
qoymaq, perspektivləri görmək istəyir və bu yöndə forum ilk addım idi. İndi
daha məhdud çərçivədə, işgüzar mühitdə, ekspertlərlə təklifləri hazırlamaq və
təşəbbüslər irəli sürmək, əməli işə keçmək lazımdır. Bu işlərin hamısını icra
edən Azərbaycan Kino Agentliyi olacaq.

Kino ictimaiyyəti səbirsizliklə Kino Agentliyinin heyətinin formalaşmasını
gözləyir. Azərbaycan xalqının mentaliteti elədir ki, onlar sistemə, struktura
yox, şəxsiyyətə önəm verirlər. Sistem, struktur ideal olsa da, şəxsiyyət onları
qane eləməsə, narazılıqları olur. Ona görə hamının bir sözü var: Agentlikdə kim
rəhbər və hansı heyət olacaq? Hamı bunu gözləyir.

Amma mənə elə gəlir ki, sədrin kimliyindən və heyətin tərkibindən asılı
olmayaq bütün kino ictimaiyyəti səfərbər olmalı və işgüzar ruha köklənməlidir.
Tənqidlərimizin formulası korrekt, bir-birimizə hörmət kontekstində olmaqla
yanaşı ilk növbədə təkliflərimizi verməliyik. Bu təklifləri vermək üçün
mübarizə aparmalı və işləməliyik. Yəni sabah Kino Agentliyinin sədri və heyəti
bəlli olandan sonra nə deyinmək, nə xəyal qırıqlığına uğramaq lazımdı.
Layihələri hazırlamaq, təklifləri vermək, layihələrini müdafiə etmək, onların
maliyyələşməsi üçün mübarizə aparmaq və işləmək gərəkdir.

Artıq həqiqətən danışmaqla kifayətlənmək geridə qaldı, indi film layihələrini
həyata keçirmək, Azərbaycan kinosunu yerli tamaşaçı qarşısına və dünyaya
çıxarmaq vacibdir.

“Festivalların təşkili ilə bağlı heç bir söz deyilmədi”

– Sizcə, forumda bütün problemlərə toxunuldumu?

– İki günlük forumda bütün problemlərə toxunmaq mümkün deyil. Bu cəhətdən
festivalların təşkili ilə bağlı heç bir söz deyilmədi, bu yaxşı hal deyildi.
Festival bazarının formalaşması kino istehsalı bazarının formalaşması kimi çox
vacibdir. Heç bir kino sənayesi festivalsız mümkün deyil.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təkliflər paketində mütləq şəkildə
festivallara dəstək məsələsi öz əksini tapır. Onlar çox rahat, bir sözlə,
düşünülmədən dəstəklənməlidirlər. Çünki Azərbaycanda fəaliyyət göstərən
“DokuBaku”, “Animafilm” (Beynəlxalq Animasiya Festivalı), “BakuShort” (Bakı
Beynəlxalq Qısa Filmlər Festivalı) festivalları özünü birmənalı şəkildə
doğruldub, onlar Azərbaycan xalqına və kinomuza çox vacib və xeyirlidirlər.

Bundan başqa, aktyorlar onların problemlərinin səsləndirilməməsi ilə bağlı
şikayət edirlər. Mənə elə gəlir ki, forumda “kino və ideologiya” mövzusuna çox
vaxt ayrıldı. Bu mövzunun belə bir forum formatında müzakirəsi çətin və müşkül
məsələdir. Bununla bağlı daha çox elmi nəzəri- seminarlar keçirmək lazımdır.
Ona görə gələcəkdə daha əməli müzakirələr nəzərdə tutulmalıdır. Necə ki mənim
iştirak etdiyim panel – “Biznes. Kino və digər audiovizual əsərlərin
maliyyələşməsinin prinsip və mexanizmləri” daha praktik və diqqətçəkən idi.

Ümumiyyətlə, bir forumla bütün məqsədlərə çatmaq mümkün deyil. Ona görə
növbəti forumlar, yaxud daha dar çərçivədə müzakirələr, iclaslar, panellər
olmalıdır.

“Narazı olduğum çıxışlara…”

– Kimin çıxışı diqqətinizi çəkdi və yaxud əksinə, məyus etdi?

– Forumun əsas dramaturji komponentlərindən biri “Azərbaycanfilm”in taleyi
məsələsi idi. Bu cəhətdən kinostudiyanın direktoru çox parlaq çıxış etdi. Və
“Azərbaycanfilm”lə bağlı kino ictimaiyyətinin narazılığını dilə gətirib, bir
çox məsələləri aydınlaşdırdı.

Deyə bilmərəm ki, hansısa çıxış mənə xoş gəlmədi. Çünki mənim narazı olduğum
çıxışlara da sevindim ki, nə yaxşı bu mövqe səsləndi və biz bildik ki, bu adam
hansı səhv və təhlükəli mövqeyin sahibidir. Forum formatının gözəlliyi ondadır
ki, hamının mövqeyi işıqlandırılır, hamının fikri, rəyi ifadəsini tapır.

Hətta belə bir məqam baş verdi: forumun birinci günü öz həmkarlarına qarşı bir
az aqressiv tonda müraciət edən bir çıxışa rast gəldim və daha sonra çıxışın
müəllif ilə söhbət edib, narahatlığımı bildirdim. O mənə durumu izah etdi və
gördüm ki, narahatlığa əsas yoxdur. Yəni insan tribunadan düşəndə və kənarda
ayrıca söhbət edəndə görürsən ki, onunla işləmək, əlini sıxmaq olar.
Aqressivlik təəssüratdır, mahiyyətində gerçək narahatlıq dayanır.

Bu cəhətdən forum ona görə unikaldır ki, üz üzü görsün, görüşsün, umu-küsülər
bitsin, neqativ atmosfer aradan qalxsın. Yəni əvvəlki illərə baxanda
kinematoqrafçıların bir-birini düşməncəsinə ittiham etməsi, hətta düşmən elan
etməsi, bunlar hamısı geridə qalmalıdır. Bizim bir düşmənimiz var – qərb
sərhədimizin o tərəfində. Vəssalam. Başqa düşmənimiz yoxdur, üstəlik də
Azərbaycan kinosunda…

Amma yenə deyirəm, forumun əhəmiyyəti ondan sonra atılacaq addımlardan
asılıdır. Əgər düzgün, effektli addımlar olacaqsa, bu, foruma reytinq
gətirəcək. Olmayacaqsa, əksinə, forum kölgədə qalacaq.

“Azərbaycanfilm” brendi qalmalıdır, səlahiyyətləri artırılmalıdır”

– “Azərbaycanfilm”in taleyi məsələsini vurğuladınız. Sizin bu barədə
düşüncələriniz maraqlıdır…

– ”Azərbaycanfilm”in taleyi məsələsi gündəmdədir deyəndə bu da yanlış anlaşıla
bilər. Dövlətin “Azərbaycanfilm” kinostudiyasının yaşamaq məsələsində heç bir
şübhəsi yoxdur. Kinostudiya böyük bir qurum kimi qalmalıdır və inkişaf
etməlidir. Söhbət odur ki, “Azərbaycanfilm” Mədəniyyət Nazirliyindən birbaşa
sifarişlər almalıdır, yoxsa dolayı yolla…

Mənə elə gəlir ki, “Azərbaycanfilm”in ən böyük kapitalı onun filmləridir. Və
onun 100 illik fəaliyyəti dönəmində bütün zamanlar üçün dəyər olacaq 20 əsəri
var. Heç bir prodakşnda belə bir şey yoxdur və yaxın 50 ildə də olmayacaq. Yəni
hansısa bir prodakşn qabağa çıxıb deməyəcək ki, mənim 20 filmim bütün zamanlar
üçün dəyərlidir. Onlar “Babək”, “Nəsimi”, “Bizim Cəbiş müəllim”, yaxud “Arşın
mal alan”, “O olmasın, bu olsun” çəkə, yaxud xalqın qəlbinə o qədər girə
bilməyəcəklər. Sonradan çəkiləcək, amma hələlik elə bir studiya yoxdur, hələ
uzun müddət də olmayacaq.

“Azərbaycanfilm”in gücü onun böyük məkanında deyil, onun filmlərində,
brendində, markasındadır. Ona görə bu marka yaşamalıdır.

Biz istəyirik ki, filmlərimizə çox tamaşaçı baxsın, bəs tanınmamış bir
şirkətin brendi ilə prokata çıxmaq yaxşıdır, yoxsa “Azərbaycanfilm”in brendi
ilə? Əlbəttə, “Azərbaycanfilm”lə. Keçmiş sovet respublikalarının önünə hansısa
yeni yaranmış şirkətlə, yoxsa “Azərbaycanfilm”in brendi çıxmaq yaxşıdır? Ona
görə “Azərbaycanfilm” brendi qalmalıdır, fabrik kimi işləməlidir,
səlahiyyətləri artırılmalıdır, 100 illik ömrü 250-300 illiyə çevirməlidir.

Amma bu o demək deyil ki, özəl şirkətlər işləməsin, əksinə onların da işləməsi
üçün lazımı şərait yaradılmalıdır.

– Bəs hansı formada yaşamalıdır, Əli İsa bəy? Rasim Balayev çıxışı zamanı dedi
ki, “Azərbaycanfilm” bir neçə il dövlət dotasiyası hesabına yaşamalıdır, Hüseyn
Mehdiyev təklif etdi ki, ora Milli Kino Mərkəzi olmalıdır.

– Hansı formada sözü iqtisadi və hüququ anlayışdır. Onlarla variant var. Kino
Mərkəzinə də, publik şəxsə də, açıq səhmdar, qapalı səhmdar cəmiyyətə də
çevrilə bilər. Bu məni yaradıcı adam kimi düşündürmür. Məni ancaq bu brendin
yaşaması düşündürür. Mən istəyirəm o binaya gedəndə işləyən adamları görüm,
çəkilişi görüm, “Azərbaycanfilm”in ən güclü studiyaya çevrilməsinin şahidi olum.

Mən sabah özüm müstəqil işləyəndə onlarla rəqabətdə olum, onlarla baş-başa
gəlim, onlardan da yaxşı film çəkim. Söhbət bundadır.

– İndiki vəziyyətini necə qiymətləndirirsiniz?

– Forumda Nazim müəllimin təqdimatını gördünüz, artıq “Azərbaycanfilm” öz
gücünə maliyyələşir. Bu, yaxşı nəticədir. “Azərbaycanfilm” “Youtube”
kanalından, pavilyonların icarəsindən gəlir götürür. Sabah dövlət ona dotasiya
ayırsa, yeni pavilyon tikilsə, onun pulunu da çıxacaq, gəlir də gətirəcək.

Orda çox böyük işlər görülə bilər. Azərbaycanda rəng korreksiyası üçün
nümunəvi ekranı olan zal, səs üçün nümunəvi texniki standartlara cavab verən,
“dolby” resenziyalı səsyazma studiyası yoxdur. Bunlar hamısı orda tikilə bilər,
üstəlik, özəl studiyalar, prodakşnlar bu kimi xidmətləri orda edəcəklər.

“Heç kim Hilal Baydarovu ittiham etmir”

– Forumda diqqət çəkən bir məqam da var idi: yaşlı nəslin nümayəndələri
gəncləri daha çox ittiham etdilər. Festivallar üçün film çəkən rejissorlar
hədəf göstərildi, bu, həqiqətənmi belə ciddi narahatlıq doğuran məsələdir?

– Orada narazılıq doğuran məqam, onların dili ilə deyirəm, festival üçün
filmlərin dövlət hesabına çəkilməsidir. Yəni festival konyunkturasına xidmət
edən filmlər… Dövlət hesabına çəkilməsəydi, onlar heç danışmazdılar. Heç kim
Hilal Baydarovu ittiham etmir. Çünki o, filmləri öz vəsaiti hesabına çəkir.

Hesab etmirəm ki, burda narahat olmağa çox böyük əsas var. Bu məsələdə daha
konkret olmaq lazımdır: tutaq ki, filan film ittiham olunur, onun rejissoru ilə
orda söhbət etmək, filmə bir də baxmaq, bir də müzakirə etmək olar. Hələlik
qorxulu bir şey yoxdur.

Digər tərəfdən yanaşanda, ən qədim əlyazmalarda, hətta daş əlyazmalarda da
yaşlı nəslin gənc nəsil haqqında neqativ fikirlərinə rast gəlmək olar. 2000 il
bundan əvvəl yazılmış mətnlərdir, amma orada da gənclərin mənəviyyatının
pozulması, ağsaqqallara hörmət edilməməsi haqqında yazılar var.

Bu, əbədi yanaşmadır. Mən özüm də 70 yaşımda olanda 25 yaşlıları bəyənməyəcəm.
Ona görə bu, bizim narahat olacağımız məsələ deyil.

“Kino Agentliyinin rəhbəri şəxsiyyət olaraq xoşlarına gəlməsə…”

– Kino Agentliyinin rəhbərinin və heyətinin açıqlanması Forumun ən gözlənilən
məqamlarından idi. Amma bu baş vermədi…

– Qeyri-rəsmi informasiyaya görə, Maliyyə Nazirliyi ilə Kino Agentliyinin
struktur məsələləri razılaşdırılmayıb. Bu, yeni nazirin səbirli, bütün rəylərə
qulaq asması, forumdan sonra yenidən düşünmək, kadrları gözdən keçirmək
istəyindən, heyətin formalaşması barədə son qərar verməyə tələsməməsindən
doğur. Bu, yaxşıdır və məni ümidləndirir.

Yenə deyirəm, ola bilər bu təyinat peşəkarları xəyal qırıqlığına uğratsın,
yaxud hamını sevindirsin. Bu iki hissə bağlanmaq yox, tez zamanda məktublar,
layihələr, proyektləri təqdim etmək lazımdır.

– Bütün hallarda iş görülməlidir…

– Bəli, tutaq ki, mənim filmim kiminsə xoşuna gəlmir, deməsin ki, Əli İsa
pisdir, mənim layihəmi müzakirə etsinlər. Kino Agentliyinin rəhbərinin xoşuna
gəlməsə belə, analiz etsinlər. Şəxsiyyətlərə yox, addımlara və konseptlərə
fokuslanmaq lazımdır.

– İttifaqın hazırladığı təkliflər paketində xüsusi önəm daşıyan daha hansı
məsələlər var?

– Biz Mədəniyyət Nazirliyi ilə ictimai təşkilatlar arasında çox isti
əlaqələrin olmasını təklif edirik. Çünki kino ictimai təşkilatları dövlət
vəsaitinin xərclənməsinin effektlikliyi üçün güclü nəzarət mexanizmidir,
ictimai təşkilatlar – beyin mərkəzidir. Həm də dövlətin, dövlət
strukturlarının, Kino Agentliyinin əli çatmadığı, vaxtı olmadığı işləri görə
biləcək qurumlardır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik, o biri ittifaqın 10 ildən
artıq təcrübəsi var. Bu təşkilatların gücü kollektiv birlik olmasındadır. Orda
səslənən fikir bir nəfərin, beş nəfərin yox, onlarla, yüzlərlə peşəkarın
rəyidir. Ona görə sıx konsultasiya olmalı, ən azı ildə üç, dörd dəfə ictimai
təşkilatlarla müzakirələr aparılmalıdır.

“Nəticə olandan sonra heç kimi pulu soruşmayacaq”

– Bir də maliyyə hesabatları açıq olmalıdır. Siz çıxışınızda da buna
toxundunuz.

– Hesabatlar Maliyyə və Vergilər nazirlikləri tərəfindən veriləcək.
İctimaiyyəti narahat edən layihələrin ümumi büdcəsidir. İnsanlar çəkilən
filmlərin büdcəsini bilmək istəyir. Və bu, çox normaldır, dünya təcrübəsində
biz bunun şahidiyik, məsələn, bir çox internet portallarından fimlərin büdcəsi
ilə bağlı ətraflı məlumat əldə edə bilirik.

Kimə nə pul verilib, yaxud verilməyib bunu aidiyyəti orqanlar yoxlayır. Əsas
məsələ və ictimaiyyətə də lazım olanı layihələrin büdcəsini bilməkdir.

Amma ən əsası tamaşaçılar, peşəkarlar görsələr ki, istehsalat artıb, hamı
işləyir, heç kimi incitmirlər, ortada yaxşı nəticə var, heç kim pulu
soruşmayacaq. Mən sizi arxayın edirəm, Azərbaycan xalqını “kimin cibinə nə
qədər getdi” narahat etmir.

O görəndə ki, kimsə varlanır, kimsə acdır, onda narahat olur. Görəndə ki,
filmə çoxlu pul xərclənir, amma ortada nəticə yoxdur, onda narazı qalır.

Məsələ belədir…

Source link