Kino ilə bağlı iki ittifaq bu gündən eyni ofisdə fəaliyyətə başlayır
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bu gündən etibarən Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) ofisində fəaliyyət göstərəcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, AKİ katibliyindən bildirilib.
Qeyd olunub ki, bu, ittifaqların birləşməsi istiqamətində atılan növbəti
addımdır:
“Birgə işçi qrup hər iki təşkilatın ümumi iclasının gündəliyi üzərində
işləyir”.
Katiblikdən vurğulanıb ki, ARKİ sədri Şəfiqə Məmmədova AKİ heyətini böyük
qonaqpərvərlik və diqqətlə qarşılayıb, heyət üçün komfortlu iş şəraiti
yaradılıb:
“Bu gündən etibarən istehsal ediləcək layihələr və tədbirlər AKİ və ARKİ-nin
birgə istehsalı kimi təqdim ediləcək”.
Xatırladaq ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə
bəyanat yayıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə
yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə
Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət
göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.