568491e5-99eb-478f-9366-5289eb5d19b3..jpg

Kino ittifaqlarının birləşməsinə münasibət: “Arvadın bir əri olar, iki əri olanda…” – SORĞU + FOTO

Baxış sayı: 580 dəfə baxılıb.

Kino ittifaqlarının birləşməsinə münasibət: “Arvadın bir əri olar, iki əri
olanda…” – SORĞU + FOTO

İyulun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) İdarə Heyətlərinin birgə
iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib.
Birləşən təşkilatlar isə bundan sonra Azərbaycan Kinematoqrafçılar Birliyi
adlandırılacaqlar.

Bəs görəsən, kino ittifaqlarının birləşdirilməsinə aktyorların münasibəti
necədir? Onlar bu birliyin sədri olaraq kimi görmək istəyirlər?

Məsələ ilə bağlı Cixisyolu.com-ın əməkdaşı bir neçə aktyor ilə danışıb.

Xalq artisti Firəngiz Mütəllimova heç bir ittifaqa üzv olmadığını söyləyib:

“Mən heç bir ittifaqın üzvü deyiləm. Ona görə də daxili işlərdən xəbərim
yoxdur. Hər iki ittifaqın sədrinə böyük hörmətim var. Şəfiqə xanım da, Rasim
bəy də bizim dəyərli sənətkarlarımızdır. Hər halda üzv olanlar seçki edib,
sədri seçəcəklər. Mən bilmədiyim məsələyə müdaxilə edə və münasibət bildirə
bilmərəm. Teatr ilə bağlı olsaydı, fikrimi deyərdim”.

Xalq artisti Valeh Kərimov kino ittifaqlarının birləşdirilməsinin çox düzgün
qərar olduğunu vurğulayıb:

“Hər iki ittifaqın vahid adda birləşməsi doğru qərardır. Bundan yaxşı qərar
ola bilməzdi. Faydalarını görəcəyik. Əsas faydası odur ki, bir nəfərin sözü
eşidiləcək. El arasında belə bir məsəl var ki, arvadın bir əri olar, iki əri
olanda vəziyyət yaxşı olmur”.

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva əlavə edib ki, barmaqlar yumruq
kimi birləşəndə inkişaf da olacaq:

“Düşünürəm ki, hər iki təşkilatın birləşməsi çox gözəl oldu. Barmaqlar yumruq
halında birləşəndə, inkişaf da olacaq. Yalnız sənət naminə işlər görülməlidir.
Lakin az da olsa, rəqabət də olmalıdır. Təşkilata ağıllı, kinoya dəyər verəni
rəhbər seçsinlər, özünü düşünəni yox. Sənəti sevən olmalıdır ki, kinonun
inkişafına səy göstərsin. Aktyorlara ata qayğısı göstərsin”.

N.Allahverdiyeva filmlərdə aktrisa kimi lazımi qədər istifadə olunmadığını
vurğulayıb:

“Mən çox istəyərdim ki, kinomuz inkişaf etsin. Aktrisa kimi fikirləşirəm ki,
kinoda lazımi qədər istifadə olunmadım. Bizim nəsil kinoda müəyyən səbəblərə
görə, o qədər də çəkilmədik. Çox istərdim kinostudiyamız təmir olunsun.
Əvvəllər orada qızğın işlər gedirdi. İstərdim yenidən olsun. Mənə elə gəlir ki,
olacaq. Buna inanıram. Hər halda kinonu, sənətini sevən, onun inkişafında
əməyini sərf edən insan sədr seçilməlidir. Kreslo üçün sədr gəlməməlidir,
kinomuza can yandırmaq lazımdır”.

Xalq artisti Məleykə Əsədova kino ittifaqlarının birləşməsindən xəbərdar
olduğunu söyləyib:

“Bu aralar çox məşğulam. Lakin ittifaqların birləşməsindən xəbərdaram. Mənim
sözün əsl mənasında bütün sənətkarlara böyük hörmətim var. Şəfiqə xanım da,
Rasim bəy də hər ikisi böyük sənətkarlardır. Sənəti olan sənətkarları Allah var
etsin! Yalnız bu qədər deyə bilərəm”.

Nəzrin vahid

Source link