ca54463e-ee39-4863-91b3-3e542e6059fe..jpg

Kino sənayesi ƏDV-dən azad olunarsa… – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 564 dəfə baxılıb.

Kino sənayesi ƏDV-dən azad olunarsa… – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda film çəkilişlərinə vergi güzəştlərinin edilməsi məsələsi gündəmə
gəlib. Kino təmsilçilərinin irəli sürdüyü bu təklif deputatlar tərəfindən də
dəstəklənir.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan filmi dedikdə üzdə bir anlıq təbəssüm yaransa da, bir neçə saniyədə
bu təbəssüm yerini tərəddüd dolu baxışlara verir. Çünki son illərdə kino
sənayesi ilə bağlı durum heç də yaxşı deyil. “Bəyin oğurlanması” filmində
deyildiyi kimi, “səkkiz min pul alıblar, oynamaqlarına bax”.

Biləcəriyə belə çatmayan filmlər

Görəsən, həqiqətən oynaya bilmirik, yoxsa şabaşımız azdır? Problem nədədir?
Son zamanlar kommersiya xarakterli komediya janrında çəkilən filmlər az da
olsa, tamaşaçıda ümid yarada bilib. Amma el dili ilə desək, bu filmlər də
Biləcəridən o tərəfə keçməyib. Kino sənayesinin düzgün qurula bilməməsi, bunu
yaradan problemlərin müəyyən səbəbləri var ki, zaman-zaman müzakirə edilib.
“Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa, yaxşı olardı”. Bu
ifadəni də film adamlarının dilindən tez-tez eşidirik. Kino sənayesinin
vergidən azad olunması bizə nə verəcək, bu addım atılarsa, yaxşı filmlər ərsəyə
gətirə biləcəyikmi?

Dövlət dəstəyi olmalıdır

Rejissor Rövşən İsax deyir ki, Azərbaycan film sənayesi dünya kinosundan çox
geri qalır: “Buna görə də film sahəsinin inkişafı üçün birmənalı şəkildə dövlət
dəstəyi olmalıdır. Təcrübədən bilirik ki, kino inteqrasiyanı çox sevir. Hansısa
aktyorun, rejissorun, ssenaristin, operatorun buraya dəvət olunması üçün
dövlətin dəstəyi lazımdır. Əgər film sənayesi vergidən azad olunsa, xaricdən
lazım olan mütəxəssisləri gətirməyə gücümüz çatar”.

Bu proses müddətli də ola bilər

Rejissor deyir ki, film sənayesi vergidən azad olunarsa, bir müddət sonra
Türkiyə, Rusiya, hətta ABŞ, İspaniya kimi ölkələr də bu sahəyə maraq göstərəcək:

“Bir sözlə, əlimiz-qolumuz açılacaq. Bu proses müddətli də ola bilər. Məsələn,
5-10 il müddətinə filmləri əlavə dəyər vergisindən azad edirik. Bu vaxt ərzində
nə edə biləcəyimizə baxırıq. Kino dövlətin simasıdır. Azərbaycanda çoxdan vaxtı
çatmış, ekrana köçürülməli o qədər mövzu var ki… Bəlli çətinliklər onları
həyata keçirməyə imkan vermir. Kino sənayesi vergidən azad olunarsa, dövlət
sifarişi ilə bir film çəkiləcəksə, özəl sektorda üç film çəkiləcək. Yekunda
bütün yükün hamısı dövlətin çiyninə düşməyəcək”.

Yalnız o zaman vergi verilsin ki…

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbasın sözlərinə
görə, filmlərin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələni
parlamentdə şəxsən qaldırıb: “Bildirmişəm ki, filmlərə ayrılan puldan əvvəldən
vergi tutulmasın. Yalnız o vaxt vergi verilsin ki, artıq film satışdadır və pul
qazanır”.

Azərbaycanı yox, Gürcüstanı seçirlər

Milli Məclisin deputatı Vüqar Bayramov məsələnin gündəmdə olduğunu bildirib:

“Büdcə müzakirəsi zamanı təkliflərimizdən biri də incəsənət sektorunun əlavə
dəyər vergisindən azad edilməsi ilə bağlı idi. Həm filmlər, həm də digər
çəkilişlərin əlavə dəyər vergisinə cəlb edilməsi onların xərclərini artırır.
Bizim də təklifimiz ondan ibarətdir ki, filmlərin əlavə dəyər vergisindən azad
olunması barədə qərar verilsin. Bu, bir tərəfdən daha çox filmin çəkilməsinə,
digər tərəfdən bu sahəyə xarici investisiyaların cəlb edilməsinə şərait yarada
bilər”.

Deputat qeyd edir ki, hazırda Azərbaycanda film çəkmək üçün müraciət edən
ölkələr var. Amma bizdə əlavə dəyər vergisi tətbiq olunduğu üçün çəkilişlərini
Gürcüstanda həyata keçirirlər: “Bu istiqamətdə təkliflərimizin müzakirəsi davam
etdiriləcək. Ümid edirik ki, film çəkilişlərinin daha yaxın zamanda əlavə dəyər
vergisindən azad edilməsi mümkün olacaq”.

Təklifi düzgün hazırlamaq lazımdır

Kinoprodüser, rejissor Zaur Mirzəzadə deyir ki, əlavə dəyər vergisinin
götürülməsi üçün hökumətə normal konseptual təklif verilməlidir: “Həll
yollarını, qanunvericiliyə əlavəni normal şəkildə yazıb təklif etmək lazımdır.
Əminəm ki, İqtisadiyyat Nazirliyinə normal konseptual təklif verilsə və bu
təklifin ölkəmizdə film sənayesinin inkişafına təkan verəcəyi sübut olunsa, bu
məsələ öz həllini tapacaq. Qeyri-neft sektorunun inkişaf strategiyasında film
sənayesinin vacibliyini dəfələrlə qeyd etmişəm.

“Film sənayesi yoxdur, çünki vergi rüsumları çoxdur” demək də tam düzgün
deyil. Film sahəsi olmayan digər audio-vizual sahələrdə güzəştlər demək olar
yoxdur. Amma şirkətlər böyük büdcəsi olan reklamlar çəkdirirlər, tədbirlər
keçirirlər. Sadəcə, film istehsal edənlərin onlara verdikləri təklif qaneedici
deyil. Təklifi düzgün hazırlamaq lazımdır”.

Source link