Kinomuzun “Qoçu əsgəri” – Nənəsinin molla etmək istədiyi Möhsün Sənani – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalq artisti Möhsün Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri
istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib
olan hər cür qabiliyyətə – oxumaq, oynamaq, çalmaq bacarığına malik idi.
“Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.
Cixisyolu.com xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı,
Xalq artisti Möhsün Sənaninin vəfatından 43 il ötür.
Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani
ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin
himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin
məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan
etmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki,
nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla
Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli
Qurbanovun anasıdır.
Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə
şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun
özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun
bacısını da doğma övladı kimi saxlayır. Kiçikyaşlı Möhsün özünün və bacısının
xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli
olur. O, “Şeytanbazar”da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların
və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı.
Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin
səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq
qabiliyyətini inkişaf etdirir.
1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan
keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır.
Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə
birpərdəli povestlərdə sınamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis
müsəlman artistləri dəstəsinin müqəddir komik aktyoru Mirzəxan Quliyev olub.
1915-ci ildə M.Sənani Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn
Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə
dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa
edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq,
bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis
teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan
Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı,
İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov,
Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün
Sənani onların arasında ən gənc aktyor idi.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman
bəy, Vəli (“Arşın mal alan”), Qoçu Əsgər (“Məşədi İbad”), Rzaqulu (“Nadir
Şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin
aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır.
M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır.
M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki
teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa
edib. Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri
qeyd etmək kifayətdir.
Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən
xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini,
yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız
üçün maraqlı olduğu qədər də səmərəlidir.