Kinomuzun unudulmaz “İsmayıl”ı – Ceyhun Mirzəyevin doğum günüdür – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün kinomuzun unudulmaz “İsmayıl”ı Ceyhun Mirzəyevin doğum günüdür.
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində
anadan olub.
O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, daha
sonra isə Moskvada təhsil alıb.
Ceyhun Mirzəyevin 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub.
O, ilk dəfə 11 yaşı olanda “Görüş” filmində “Şıxəlinin oğlu”nun obrazını
yaradıb. On iki yaşı olanda isə “Ögey ana” filminə dəvət alıb və yaddaşlardan
silinməyən “İsmayıl” obrazını yaradıb. Məhz bu obrazla Ceyhun kino sahəsində ən
böyük uğurunu qazanıb.
Ceyhun Mirzəyev “Azərbaycanfim” kinostudiyasında müxtəlif peşələrdə çalışıb və
bir neçə filmə quruluş verib.
Rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi “Qara qağayı” (1962) filmində baş
rolun ifaçısı olub.
“Mozalan” satirik kino jurnalının bədii rəhbəri olmaqla yanaşı, bir çox
süjetlərin də müəllifi olub.
Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmi müəllifin son işidir. Lakin
özü bu filmin premyerasında iştirak edə bilməyib. Məhz “Fəryad” filmindəki
şücaətinə görə o, “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülüb.
Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir
dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı
bacarırmış. Hətta dövrünün ən məşhur satirik verilişlərindən olan “Mozalan”ın
başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyev 1994-cü il martın 5-də 46 yaşında qəfil ürək çatışmazlığından
dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub.