2ecb2931-48f0-4190-8bd2-baee48afce15..jpg

Kinorejissor Akif Rüstəmov: “Əvvəl büdcə üç şeylə dolurdu – siqaret, araq, bir də kino” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 715 dəfə baxılıb.

Kinorejissor Akif Rüstəmov: “Əvvəl büdcə üç şeylə dolurdu – siqaret, araq, bir
də kino” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanfilm” kinostudiyasında çəkilən 50-dən çox filmin ikinci rejissoru –
Akif Rüstəmov. Ömrünün 55 ilini kinoya həsr edən 78 yaşlı sənətkar bu gün də
sevilərək baxılan onlarla ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”,
“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Dərviş Parisi partladır”, “Bağ
mövsümü”, “Güllələnmə təxirə salınır” və s.) ikinci rejissor kimi çalışıb,
“Axırıncı dayanacaq” bədii filminə quruluş verib. Bu günlərdə Mədəniyyət
Nazirliyinin rəhbərliyi tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif
Rüstəmovu evində ziyarət edib. Qocaman kinematoqrafçının Azərbaycan kinosuna
verdiyi töhfələr yüksək qiymətləndirilib, ona nazirliyin Fəxri diplomu təqdim
edilib.

“Report” tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovla
müsahibəni təqdim edir:

– Akif müəllim, elə kinodan başlayaq. Sizin üçün kino nədir?

– Kinoya daxil oldunsa, oradan çıxmaq mümkünsüzdür. Kollektivlə, görkəmli
şəxsiyyətlərlə işləyəndən sonra oradan çıxmaq mümkün deyil. “Azərbaycanfilm”
kinostudiyası hamımız üçün ikinci ev olmuşdu. Həyatımızın böyük bir hissəsini
orada keçirmişik. Elə olurdu ki, aylarla kinostudiya qalırdıq. Məsələn, mən
“Babək” filmi çəkilərkən üç ay kinostudiyada qaldım. Həftəsonu evə gedib,
qayıdırdım. İş o qədər çox idi ki, hətta gecə saat 11-12-də pavilyonlar
boşalandan sonra aktyorları qılınc, güləş məşqi üçün çağırırdım. Evim uzaq idi,
gedib səhər yenidən qayıtmaq vaxtımı alırdı. Həm də o ritmdən çıxmaq istəmirdim.

– Dediyiniz o ritmdən çıxanda geriyə qayıtmaq çətin olur?

– Bəli. Bu kino belədir ki, başladınsa, gərək 24 saat işləyəsən. Hətta yuxuda
da işləyirsən. Başqa cür ola bilməz.

– Akif müəllim, ikinci rejissorun işi nədən ibarətdir?

– Sadə dillə desək, quruluşçu rejissorun həm yaradıcı, həm də təşkilati
baxımdan sağ əlidir. Bu vəzifə bütün ölkələrdə var. İkinci rejissor filmin
əvvəlindən axırına qədər proseslərin birbaşa iştirakçısıdır. Çəkilişlərin
planlaşdırılması, meydançanın idarə edilməsi ikinci rejissora aiddir. Çünki
quruluşçu rejissor aktyorlarla məşğuldur. Amma burada ikinci, üçüncü planlar da
var. Bilirsiniz, filmdə nəinki rejissor qrupu, eyni zamanda operator,
rəssamlar, geyim və s. qruplar var. İkinci rejissor həm də onların
koordinasiyasını quran, belə desək, ona cavabdeh olan şəxsdir. Təbii ki, bunlar
hamısı quruluşçu rejissorun fikrinə uyğun olaraq tənzimlənir, çünki filmin
müəllifi odur. Sovet dövründə ikinci rejissoru “qərargah rəisi”
adlandırırdılar. İşi çox idi, amma əməkhaqqı da yaxşı idi.

– Bir çox məşhur filmdə ikinci rejissor kimi fəaliyyət göstərmisiniz, bəs niyə
özünüz müstəqil şəkildə film çəkməmisiniz, buna nə mane olub?

– Əlbəttə, hamı kimi mənim də elə arzum var idi ki, quruluşçu rejissor olum,
öz filmimi çəkim. Əvvəla, sovet dövründə belə idi ki, quruluşçu rejissor olmaq
üçün Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda beş il oxumalı
idin. Hətta oradan gələnlərə əvvəlcə qısametrajlı film verirdilər, əgər özünü
təsdiq edirdisə, ona böyük film tapşırırdılar. Hamısında belə olub – Tofiq
Tağızadə, Həsən Seyidbəyli, Eldar müəllim (Quliyev), Rasim müəllim (Ocaqov)…
Onlar hamısı oranı bitiriblər. Bu, məcburi və hesab edirəm ki, doğru idi. Amma
məndə belə oldu ki, 1967-ci ildə kinostudiyaya gəldim. Fikirləşdim ki, bir az
işləyim, sonra gedərəm. Onu da deyim ki, həmin dövrdə iş elə gətirdi ki, məndə
filmlər ard-arda oldu. Sonra gördüm, yaş 30-u keçib, həm də fikirləşdim ki, o
cür şəxsiyyətlərlə işləmişəm. Tutaq ki, getdim, sonra nə olacaq? Elə o qalan da
qaldım. Heç heyifsilənmirəm. Çünki kimsə bu vəzifəni tutmalı idi, kimsə də
ikinci rejissor olmalı idi. Çox xoşbəxtəm ki, elə şəxsiyyətlərlə işlədim. Həm
də o boyda “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlərin ikinci rejissoru
olmaq asan iş deyil (gülür).

– Bildiyim qədəri ilə Həsən Seyidbəyli sizi “Nəsimi” filminə rejissor kimi
dəvət edəndə təxminən 24-25 yaşınız olub. O yaşda olan bir gənc üçün Həsən
Seyidbəyli kimi bir rejissordan təklif almaq nə demək idi?

– Filmin hazırlıq dövrü başlayanda Həsən Seyidbəyli mənə zəng edib, təklifini
etdi və dedi ki, gəlməlisən. Açığı, qorxdum. Elə telefonda səsim əsməyə
başladı. Dedim, Həsən müəllim, çox sağ olun, amma mən bu boyda məsuliyyəti
götürə bilmərəm. Onda heç təcrübəm də yox idi. Dedi ki, yox, oğlum, gəlməlisən,
vəssalam. Səhəri gün isə teleqram gəldi ki, kinostudiyanın rəhbərinin yanına
gəlməlisiniz. O vaxt “Azərbaycanfilm” kinostudiyasının rəhbəri rəhmətlik Ədil
müəllim idi (Adil İsgəndərovu nəzərdə tutur – red.). Mən də nə edim, oranın
ştatlı işçisiyəm. Getdim. Bir xeyli söhbət etdik. Ədil müəllim dedi ki, ya
gedib o filmi işləyirsən, ya da ərizəni yaz, çıx get. Bu sözdən sonra nə etmək
olardı? Başladıq, iş elə gətirdi ki, hər şey axarında, yaxşı getdi və onlar da
razı qaldılar. Mən indiyə qədər Ədil müəllimə də, Həsən Seyidbəyliyə də
minnətdaram.

– Məşhur Azərbaycan filmlərinin çəkiliş prosesinin birbaşa iştirakçısı kimi
kinomuzun bugünkü durumunda hansı çatışmazlıqları görürsünüz? Daha konkret
desək, niyə ovaxtkı filmlərdən indi çəkə bilmirik?

– Birincisi, onda sovet dövrü idi. SSRİ-nin büdcəsi üç şey ilə dolurdu –
siqaret, araq, bir də kino. O vaxt istənilən ən zəif film belə, xərclənilən
pulun dörd-beş qatını çıxarırdı. Amma elə filmlər vardı, 30-40 qatını belə
çıxara bilirdi. Onda pulumuzu Moskva verirdi, filmlərə yaxşı maliyyə ayrılırdı.
Dövlətin kinoya xüsusi marağı və diqqəti vardı. Ən önəmlisi isə o vaxt Rasim
Ocaqov, Şamil Mahmudbəyov, Həsən Seyidbəyli, Eldar Quliyev və başqaları var
idi. İndi də rejissorlar var, amma onda başqa idi. Onlar böyük sənətkarlar idi.

– İndi uğurlu hesab etdiyiniz gənc, yaxud ortayaşlı rejissorlardan bir
neçəsinin adını çəkə bilərsiniz?

– Yox, ad çəkməyəcəyəm. Birdən kimsə yaddan çıxar, sonra biabır olaram. Amma
var. Sadəcə olaraq, tam o səviyyəyə gəlmək üçün məktəb çatışmır.

– “İncəsənət xalqa məxsusdur” fikrini əsas götürsək, sizcə, filmlər xalqın
özünüdərk prosesində nə qədər rol oynayır?

– Hesab edirəm ki, dövlət və xalq kinosuz ola bilməzlər. Hətta mən bir dəfə
haradasa demişdim ki, dövlətlərin çoxunu ya kino ilə, ya da futbolla
tanıyırlar. Elə tanınmayan ölkələr var ki, bir də görürsən, gedir “Oskar”
mükafatı alır, hansısa festivalda qalib olur və tanınır. Kino həm ideoloji, həm
də gəlir gətirmək baxımından çox önəmli vasitədir. Hələlik elə bir səviyyədəyik
ki, gəlir məsələsi bir az çətindir. Amma ümidsiz yaşamaq mümkün deyil. Mən
yaxşı olacağına ümid edirəm. Eşitdiyimə görə, Mədəniyyət Nazirliyində kino ilə
bağlı müzakirələr gedir, bu sahəyə diqqət artırılır. Hətta gənclər arasında
seçim edib, xarici kino məktəblərinə göndərmək fikri də var. Belə fikirlər var
və bunlar çox xoş fikirlərdir.

– Sizcə, bu gün kino bazarının əsas tələbi nədir?

– Çəkiliş qrupunun məsuliyyəti böyükdür və məsuliyyət artırılmalıdır. Kinonun
dəyərini iki amil müəyyən edir – tamaşaçı və zaman.

– Zaman dedikdə nəyi nəzərdə tutursunuz?

– Kinonun yaşadığı müddəti nəzərdə tuturam. Elə filmlər var, bir ildən sonra
unudulur. Elə filmlər də var ki, üstündən 50-60 il keçib, amma hələ danışılır.
Kino elə çəkilməlidir ki, o, film bazarına çıxarıla, başqa ölkələrə satıla
bilsin. Satılması üçün də kino yüksək dərəcədə baxımlı, maraqlı və professional
olmalıdır.

– Akif müəllim, bəs bu istiqamətdə əsas boşluğu nədə görürsünüz, bəzən
deyirlər, yaxşı rejissor, mövzu və aktyor yoxdur…

– Hərəsindən bir az (gülür). Ancaq mənə elə gəlir ki, mövzu məsələsinə daha
çox diqqət yetirməliyik. Yenə deyirəm, yaxşı rejissorlarımız var, ancaq onunla
kifayətlənmək olmaz, onları təhsil almaq üçün xarici ölkələrə göndərmək
lazımdır. Onlar geri qayıdanda kinoya da, xalqa da faydalı olacaqlar.

– Atanız neftçi olub və o vaxtın qabaqcıl işçisi kimi ona ev verilib. Hazırda
yaşadığınız ev atanıza verilən evdir?

– Atamın evidir.

– Bir müddət əvvəl mədəniyyət naziri Adil Kərimli sizinlə evinizdə görüşdü.
Ancaq fotoda evinizin bir qədər şəraitsiz olması diqqət çəkdi, bununla bağlı
nazirlə söhbət oldumu?

– Xeyr, heç bir söhbət olmayıb, evdir də, indi bir balaca nəsə ola bilər, onu
da düzəltdirəcəyəm. Nazirin məni evimdə yad etməsi gözlənilməz və xoş oldu.
Hətta dedim, hara lazımdır, mən özüm gəlim, dedilər, yox, nazir deyib ki, mən
özüm gedib görməliyəm. Diqqət üçün bir daha təşəkkür edirəm. Bu diqqət yalnız
mənə yox, həm də kinoyadır.

– İşğaldan azad edilən torpaqlarda olmusunuz?

– Təəssüf ki, olmamışam. Qismət olar, gedərik, lap gedib film üzərində
işləyərik. Düzdür, yaş artıq o deyil, amma hər zaman kömək etməyə hazıram.

– Son beş ildə çəkilən hansı təsirli Azərbaycan filminə baxmısınız?

Bir qədər düşünür, köks ötürərək dodağının altında: “Getdi də Rasim müəllim,
Eldar müəllim”, – deyir.

– Elçin Musaoğlunun “Nabat” filmi, Yavər Rzayevin “Xeyir ilə Şərin rəqsi”
filmi pis deyildi, Elxan Cəfərovun müharibə haqqında çəkdiyi filmlər, Emil
Quliyevin işləri talantlıdır, Mirsadiq Ağazadənin filmləri, Rövşən İsaxın həm
filmləri, həm seriallarının adını çəkmək olar.

– Amma Rövşən müəllim müsahibələrinin birində deyir ki, müasir Azərbaycan
kinosu yerində yatır…

– Yatıb-etməyib. Azərbaycan filmi oyanmağa hazırlaşır (gülür).

– Hazırda kino ictimaiyyətində dostlarınız kimlərdir, mütəmadi olaraq
danışdığınız, əlaqə saxladıqlarınız varmı?

– Aktyorlar çoxdur – Rasim Balayev, Qurban İsmayılov, Vidadi Həsənov, Rafiq
Quliyev, Elbrus Vahidov var. Respublikanın baş qrimçisi, rejissor Rüfət
Həsənov, Rövşən İsax, Mirsadıq Ağazadə, Eldəniz Rəsulov, Əlisəttar Quliyev.

– Bu yaşda özünüzü ömrün hansı çağında hiss edirsiniz?

Dərin bir ah çəkir…

– Bəlkə də, primitiv olar, amma deyim. Qaranlıq tuneldəyəm, uzaqda bir balaca,
çox az işıq görünür. Yanır-sönür, bu bir neçə dəfə təkrarlanır, yenidən o işıq
yanır, sönür və genişlənir.

– Hansı arzunuz hələ də reallaşmayıb?

– O vaxt filmləri kateqoriyalara görə bölürdülər. Biri ən yaxşı kateqoriya
idi, adətən, filmlərə iki yer verirdilər. “Şərikli çörək” filminə də ikinci
kateqoriya vermişdilər. Üstündən üç-dörd ay keçmişdi, Moskvadan teleqram gəldi.
Dedilər, film o qədər tamaşaçı yığıb ki, avtomatik olaraq birinci kateqoriyaya
keçsin.

Həmsöhbətim söhbətin bu yerində əlini əlinə vuraraq, gözündən düşən yaşı silir
və davam edir.

– O gün kinostudiyada o filmdə işləyənlər üçün də, işləməyənlər üçün də bayram
idi. Şəxsi həyatımda hər şey normaldır, arzularım kino ilə bağlıdır. İstəyirəm,
bizim elə filmlərimiz olsun ki, gedib “Oskar” qazansın, qalib gəlsin və bununla
da hamını sevindirsin…

Source link