a53e842d-124a-4f64-a775-b39b7a7f5c08.webp

Kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək? – AÇIQLAMA

Baxış sayı: 259 dəfə baxılıb.

“Hazırda Bakının mərkəzinə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha
çox inkişaf etdiyi ərazilərində qiymət artımı müşahidə edilir”.

Bu sözləri “Trend”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin
(AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti
Vüqar Oruc deyib.

O bildirib ki, hazırda Bakı şəhərinin mərkəzində kirayə mənzillərin qiyməti
təqribən 1000-1500 manat civarında dəyişir.

Qurum sədrinin sözlərinə görə, mərkəzə yaxın, xüsusən də infrastrukturun son
zamanlar daha çox inkişaf etdiyi ərazilərdə qiymət artımı daha çox nəzərə
çarpır:

“Hazırda mərkəzə yaxın yerlərdə qiymətlər 700-1000 manat aralığında dəyişir.
Mərkəzdən kənarlaşdıqca qiymətlərin azalmasını müşahidə edirik. Məsələn,
Xırdalan, Hövsan, Zabrat, Zığ, Alatavanın bəzi ərazilərində hazırda mənzil
kirayəsində qiymətlər təqribən 300-400 manat civarında dəyişir”.

V.Oruc vurğulayıb ki, mənzillərin kirayə qiymətləri təkcə ərazilər üzrə deyil,
eyni zamanda, onun yerləşdiyi binanın mənsub olduğu Mənzil Tikinti
Kooperativlərinə (MTK) görə, binaların hansı meyarlara, hansı komfort
dərəcəsinə uyğun şəkildə tikilməsi ilə əlaqədar olaraq dəyişir:

“Məsələn, yanbayan binaların birində kirayə qiymətləri ortalama 500
manatdırsa, yanaşı binada bu qiymət 600-650 manat, bəzi hallarda isə 700 manata
qədər dəyişə bilər. Yəni ərazilər üzrə qiymətlərin təsnifatlaşması bir çox
hallarda özünü doğrultmur. Eyni zamanda, ərazilərdən də əvvəl kirayə mənzil
bazarında təsnifatlaşmada daha çox otaqların sayına üstünlük verilir. Hazırda
Bakı şəhərində və Abşeron yarımadasında daha çox birotaqlı və ikiotaqlıya
düzəlmə olan mənzillər prioritet təşkil edir. Həmin mənzillər həm yaşayış, həm
də qiymətinə görə daha sərfəlidir”.

Mütəxəssis bildirib ki, kvadratmetri təqribən 50-65 civarında olan mənzillərə
daha çox üstünlük verilir:

“İkiotaqlıya düzəldilmiş halda, öz yaşayış sahələrinin planlaşmasını həyata
keçirməsinə uyğun olduğuna görə daha çox bu tip mənzillərə üstünlük verilir.
Ona görə də sözügedən tip mənzillərə tələbat çox olduğuna görə onların
qiymətində artım digər fərqli otaqlara malik olan mənzillərin qiymətindəki
artıma nisbətən daha yüksəkdir. Əslində, biz kvadratmetr olaraq hesablasaq,
Bakının hər hansısa müəyyən edilmiş bir ərazisində 2 və yaxud 3 otaqlı mənzil
birotaqlı mənzildən təqribən 1,5 dəfə baha olmalıdır.

Faktiki olaraq bu belə deyil. Məsələn, əgər birotaqlı mənzil 600-700 manat
civarındadırsa, iki və yaxud üçotaqlı mənzillər 800-900 manat arasında dəyişir.
Bu da onu göstərir ki, mənzilin sahələri artdıqca, onun bir kvadratmetrinin
kirayə dəyəri daha aşağı olur. Bu baxımdan, hesab edirəm ki, daha çox hansı
mənzillər tələb olunursa, sahələrinə və otaq həcminə görə həmin mənzillərin
qiymətində artım xüsusilə hiss olunmaqdadır”.

“Ötən aylara, günlərə nisbətən qiymətlərin dəyişməsi ərazilərə görə fərqlənir.
Hazırda kirayə mənzil tapılması o qədər də asan deyil. Amma mərkəzdən
kənardakılarda qiymətlərin stabilliyini görürük. Azərbaycanda iqtisadi inkişaf
baş verir, beynəlxalq diqqət qarşısındayıq , investisiya cəlbediciliyi
baxımından ölkəmizin reytinqi daha da yüksəlməkdədir.

Bütün bunlar onu deməyə əsas verir ki, kirayə qiymətləri ya sabit qalacaq, ya
da artıma məruz qalacaq. Yaxın dövr üçün qiymətlərin azalmasının baş verəcəyini
güman etmirəm. Çünki həm manatın alıcılıq qabiliyyəti, həm iqtisadi inkişaf,
həm də ölkəmizə olan axın və diqqət onu deməyə əsas verir ki, kirayə mənzil
bazarında qiymətlər artacaq. Bu da təbii bir prosesdir. Çünki bütün inkişaf
etmiş və yaxud inkişaf etməkdə olan ölkələrin paytaxtında əmlak qiymətləri
istər alqı-satqı, istərsə də kirayə olsun, ancaq artır.

Yəni hər hansı bir fövqəladə, fors-major hadisə olmasa, qiymətlərin
azalacağını proqnozlaşdırmaq mümkün deyil”, – deyə V.Oruc əlavə edib.

Source link