Kişi 280 manat borcu qaytarmayan qonşusunun evini qəsdlə yandırdı – MƏHKƏMƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağcabədi Rayon Məhkəməsində qonşusunun evini qəsdlə yandırmaqda
təqsirləndirilən Zamir Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Nuriyevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
olunub.
İttihama görə, hadisə 1 iyul 2023-cü il tarixində, saat 14 radələrində
Ağcabədi şəhəri H.Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, iş üzrə zərərçəkmiş Mahal Səfərovun (şərti) Zamir Hacıyevə 280 manat
pul borcu olub və qaytarmayıb. O, bu səbəbdən zərərçəkmişdən qisas almaq
niyyəti ilə onun fərdi yaşayış evini qəsdlə yandırıb. Nəticədə Zamir Mahala
ümumilikdə 14 526 manat maddi ziyan vurub.
Hadisədən sonra Zamir Hacıyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində
həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə zamanı təqsirləndirilən şəxs sərxoş olub, zərərçəkmiş isə
ailəsi ilə birgə Bakı şəhərində imiş.