Kişi arvadını absurd səbəb üzündən döydü, məhkəməlik oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Habil
Məmmədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad
edilib.
İttihama görə, hadisə 22 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində
Abşeron rayonunun ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Habil Məmmədli ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı,
zərərçəkmiş Səbinə Məmmədli (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə
qadının yataq otağındakı çarpayının üzərində olan şalvarını yerə salması olub.
O, Səbinəyə irad bildirib. Arvadı isə Habilə etiraz olaraq cavab qaytarıb.
Təqsirləndirilən şəxs də əsəbiləşərək qadına hücum edib, əli ilə onun sifətinin
burun nahiyəsindən qəsdən zərbə vurub. Nəticədə Səbinə burun sümüyünün qapalı
yerdəyişməyən sınığı ilə müşayiət olunan xəsarətlər alıb.
Hadisədən sonra Habil Məmmədli cinayət məsuliyyətinə cəlb edilib. Sonradan o,
zərərçəkmiş şəxslə barışıb.