Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada
təqsirləndirilən İman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İman Səfərov cinayət
məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 5 sentyabr 2024-cü il tarixdə, saat 10:30-da Abşeron
rayonu ərazisində qeydə alınıb.
Belə ki, İman Səfərov evdə olarkən həyat yoldaşı, zərərçəkmiş Günay Səfərova
(şərti) ilə mübahisə edib. Mübahisəyə isə arvadının ona telefonla başqa qadınla
ünsiyyət saxlaması ilə bağlı şifahi irad bildirməsi olub. Bu zaman
təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə hücum edib qəsdən əl, yumruq,
təpik zərbələri ilə onun əl, qol, sifət, baş, kürək, ayaq və bədəninin müxtəlif
nahiyələrinə ardıcıl zərbələr endirərək xəsarət yetirib.
Daha sonra Günay Səfərova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng
edərək məlumat verib, əri cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onlar
barışıblar və qadın ərindən şikayətçi olmadığını bildirib.