Ukrayna MDB-ni tərk edir. Bu gün Ukraynanın MDB çərçivəsində bağladığı bir neçə müqavilədən çıxması ilə bağlı fərman dərc olunub.
ÇıxışYolu.Com xəbər verir ki, Ukraynanın MDB-də iştirakı fenomeni bir neçə paradoksal xarakter daşıyır.
Bir tərəfdən, Ukrayna MDB-nin banilərindən və 1991-ci ildə Belovej müqaviləsini imzalayan tərəflərdən biri olub. Digər tərəfdən, Ukrayna MDB-nin nizamnaməsini ratifikasiya etməyib.
Bu qeyri-müəyyənlik onu göstərir ki, Ukrayna təşkilatın “üzvü” deyil, “iştirakçısı”dır, yəni qeyri-müəyyən statuslu müşahidəçi dövlətdir.
Güman ki, Ukrayna bütün riskləri başa düşür və MDB-dən sonra başqa plana malikdir. Bəs Kiyev MDB-dən çıxsa, Ukraynanın MDB çərçivəsində imzaladığı ikitərəli və çoxtərəfli müqavilələri, xüsusilə də Ukrayna-Azərbaycan arasında bağlanmış sənədləri hansı aqibət gözləyir?
Siyasi rakurs
ÇıxışYolu.Com bu sualla “Baku Network” beynəlxalq ekspert şurasının direktor müavini, analitik Gülnarə Məmmədzadəyə müraciət edib.
Onun sözlərinə görə, 2014-cü ildən etibarən bu istiqamətdə addımlar atmasına baxmayaraq, Ukrayna bu mərhələdə MDB-də iştirakını rəsmən dayandırır.
“Rəsmi Kiyev Rusiyanın hakim olduğu siyasi formatların rədd edilməsini dəstəkləyir.
Beləliklə, Ukraynanın hazırkı prezidenti Qərblə daha da yaxınlaşmaq siyasətini nümayiş etdirir. Bu, seçki dövründə və daxili siyasi reytinqin təhküləli olması vəziyyətində onun üçün çox əhəmiyyətlidir”, – ekspert bildirib.
Q.Məmmədzadə əmindir ki, praktiki mənada bu, Ukrayna üçün iqtisadi və humanitar cəhətdən çətinliklər yarada bilər, çünki Rusiya ilə Ukrayna arasındakı bu əlaqələrin kəsilməsi asan deyil və proses uzanacaq.
“Yəqin ki, MDB çərçivəsində çoxtərəfli və ikitərəfli sazişlərin bazası, xüsusilə Rusiya ilə imzalanan sənədlər yenidən nəzərdən keçiriləcək. Ancaq bu, o demək deyil ki, Kiyev Azərbaycan, Qazaxıstan, Belarus və sair ölkələrlə siyasi və iqtisadi əlaqələri kəsəcək.
Ancaq bir sıra ikitərəfli müqavilələri yenidən imzalamaq lazım olacaq”, – politoloq deyib.
İqtisadi rakurs
“Ukrayna ilə Azərbaycanı humanitar maraqlarla iqtisadi blok birləşdirir. Həmçinin, Ukrayna, Azərbaycan və Türkiyə arasında çox maraqlı üçtərəfli geosiyasi formaq yaradılıb. Tərəflər iqtisadi, siyasi, enerji, humanitar əməkdaşlığı, Xəzər dənizi və Qara dəniz hövzələri vasitəsilə enerji resurslarının daşınmasını inkişaf etdirmək, yeni nəqliyyat dəhlizlərini birləşdirmək istəyir.
İstisna etmək olmaz ki, Bakı və Ankara Moskva və Kiyevlə etibarlı münasibətlər quraraq, Ukrayna və Rusiya arasında əlaqələrin normallaşmasında əsas rol oynaya bilər”, – ekspert əlavə edib.
Vizasız rejim necə olacaq?
2002-ci ildə ölkələrimizin hökumətləri “Ukrayna və Azərbaycan vətəndaşları arasında vizasız səfər”lə bağlı saziş imzalayıblar.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında miqrasiya üzrə ekspert Azər Allahverənov deyib.
O bildirib ki, bu razılaşma MDB çərçivəsində əldə edilib.
“Ukrayna MDB-dən çıxdıqdan sonra Kiyev vizasız rejim məsələsini Bakı ilə birbaşa həll etməlidir.
Ukrayna ərazisində böyük Azərbaycan diasporu yaşayır, həmçinin ölkələr arasında sıx miqrasiya münasibətləri var. Bunu nəzərə alaraq, Ukrayna və Azərbaycan arasında vizasız rejimin ləğvi ölkələrimiz arasında miqrasiya prosesinə mənfi təsir göstərəcək.
Ukrayna MDB-dən çıxdıqdan sonra Kiyev Bakı ilə tam vizasız rejimə razılıq verməsə də,viza prosesini sadələşdirməlidir”, – ekspert qeyd edib.
Xatırladaq ki, MDB 1991-ci ilin dekabrında yaradılıb. Təşkilatın yaradılması ilə bağlı razılaşmanı Rusiya, Belarus və Ukrayna imzalayıb. Daha sonra MDB-yə Baltikyanı ölkələrdən başqa, digər postsovet respublikaları da daxil olub.
Əli Məmmədov
www.ÇıxışYolu.Com