07d2d2df-1e37-4418-b397-b63297cef3e6..jpg

Kiyevdə aksiya: Rusiyadan “Azovstal” əsirlərini azad etmək tələb olunur – FOTOREPORTAJ

Baxış sayı: 602 dəfə baxılıb.

Kiyevdə aksiya: Rusiyadan “Azovstal” əsirlərini azad etmək tələb olunur –
FOTOREPORTAJ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Mariupol şəhəri, xüsusən də şəhərin “Azovstal” metallurgiya zavodu
uğrunda döyüşlər zamanı Rusiyaya əsir düşən hərbçilərin azad olunması tələbi
ilə Kiyevdə aksiyalar başlayıb.

Onlardan birinin anası Nataliya Kravtsova “Report”un Şərqi Avropa bürosuna
açıqlamasında deyib ki, oğlu üç ay Mariupolun müdafiəsində iştirak edib.

Onun sözlərinə görə, “Susma, əsirləri öldürürlər” hərəkatının üzvüdür, iki
aydır hər həftənin bazar günü aksiya keçirirlər.

N.Kravtsova bildirib ki, xarici ölkələrə, beynəlxalq təşkilatlara müharibənin
acı nəticələri, Ukraynaya qarşı qəddar savaşın aparılması, əsir düşən ukraynalı
əsgərlərə Rusiya tərəfindən qeyri-insani münasibət göstərildiyini çatdırırlar:
“Beynəlxalq ictimaiyyətin əsirlərimizin tezliklə azad olunması istiqamətində
aktiv iş aparmalarına çalışırıq”.

O söyləyib ki, Rusiyada əsir saxlanılan 700 nəfərin yalnız az hissəsi
qaytarılıb: “Mariupol müdafiəçilərini hörmətlə anırıq. Çünki onlar 3 ay ərzində
şəhəri qəhrəmancasına müdafiə etdilər və Ukraynanın digər ərazilərindəki
birləşmələrə toparlanmaq üçün şərait yaratdılar”.

Liliya İvaşçık da aksiya iştirakçısıdır. Onun sevgilisi hazırda Rusiyada
əsirlikdədir.

“O, Ukrayna Prezidenti Volodimir Zelenskinin əmri ilə “Azovstal”dan son çıxıb
qarşı tərəfə təslim olan döyüşçülərdən biridir. Mən hər kəsin bu məsələyə
diqqət yetirməsini istəyirəm. Qəhrəmanlarımızı unuda bilmərik, onlar öz
vətənlərini qəhrəmancasına qorudular”, – L.İvaşçık bildirib.

Alişa Şemak isə deyib ki, həyat yoldaşı 20 aydır əsirlikdədir. O, 2022-ci ilin
mayında “Azovstal” zavodu ətrafında əsir düşüb.

“Aksiya keçirməkdə məqsədimiz cəmiyyətə və ölkənin ali rəhbərliyinə
yaxınlarımızın hələ də əsirlikdə olduğunu çatdırmaqdır. Onların azad olunması
üçün səylərimizi artırmalıyıq, beynəlxalq təşkilatlara bu məsələ ilə daha
yaxından məşğul olmaları üçün təzyiq göstərilməlidir”, – A.Şemak vurğulayıb.

Aksiya iştirakçısı Svetlana Vinakurovanın oğlu Azov briqadasının əsgəri olub.
O söyləyib ki, aksiya keçirməkdə məqsədləri əsirlərin azad olunmasını tələb
etməkdir:

“Mənim tək oğlum əsirlikdədir. Onları dəyişmirlər. Nəinki dəyişmirlər, hətta
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrini onlara yaxın belə buraxmırlar.
Rusiya onların əsir götürüldüyünü rəsmən təsdiqləmir. Oğlumun azad edilməsini
istəyirəm. İki ilə yaxındır əsirlikdədir, ondan heç bir məlumat ala bilmirik”,
– S.Vinakurova bildirib.

Qeyd edək ki, “Azovstal” zavodu 2022-ci ilin mayında Rusiyanın əlinə keçib. O
zaman Ukraynanın 1000-ə yaxın döyüşçüsü qarşı tərəfə təslim olub. Bu,
Mariupolun işğalı üçün şərait yaradıb. Rusiya qüvvələri 2022-ci il mayın 20-də
Mariupolu işğal edib. Şəhər meriyasının məlumatına görə, işğal nəticəsində
şəhərin azı 10 min dinc sakini həlak olub.

“Azovstal” zavodunda əsir düşən hərbçilərin sayının 2 mindən çox olduğu
bildirilir.

Source link