Klaypeda şəhərində azərbaycanlı rəssamın sərgisi təşkil edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Litvanın Klaypeda şəhərindəki konsert salonunda Azərbaycan Mədəniyyət Günü
çərçivəsində Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun fərdi rəsm
sərgisi keçirilib.
“Azeris” Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli
ictimaiyyətin, Ukrayna, latış, yəhudi, alman, tatar, belarus icmalarının
nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Tədbir iştirakçılarını “Azeris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədov
salamlayıb.
Azərbaycanın zəngin mədəniyyəti barədə qonaqlara məlumat verildikdən sonra
Rövşən Nur öz yaradıcılığından və təqdim etdiyi əsərlərdən danışıb.
Litva Seyminin deputati Ligita Girskiene və başqaları sərginin keçirilməsi
münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan icmasının Klaypedadakı
fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirin gedişində Rövşən Nur ənənəsinə sadiq qalaraq yeni rəsm əsəri çəkib və
“Azeris” təşkilatına hədiyyə edib.
Tədbirin bədii hissəsində Azərbaycan icmasının üzvü Rafael Rəsulov (tar),
Azərbaycan həftəsonu məktəbinin məzunu Andrey Vostryakov (saksofon), Məhəmməd
və Mahmud Məmmədovlar (skripka) və “Meliha” rəqs studiyasının solistlərinin
ifasında konsert proqramı təqdim edilib.
Tədbir çərçivəsində milli geyimlərin nümayiş olunduğu guşədə qonaqlar üçün
fotozona təşkil edilib.