Klublarımız Avroliqada mübarizəni dayandırsa da, Azərbaycan irəlilədi

Baxış sayı: 2. 837 dəfə baxılıb.

Klublarımız Avroliqada mübarizəni dayandırsa da, Azərbaycan irəlilədi

Avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu matçlar UEFA reytinqində bir sıra dəyişikliklərə səbəb olub.

Üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi də dəyişib.

“Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ” və “Keşlə”nin qələbələri Azərbaycanın hesabına 0,500 xal gətirib.

“Qəbələ” Lüksemburqda “Proqres”i 1:0, “Keşlə” evdə Malta “Balzan”ını 2:1 hesabı ilə yenib. Macarıstanda “Uypeşt”ə 0:4 hesabı ilə uduzan “Neftçi” isə xal qazana bilməyib.

Bununla da cari mövsümün qazancı 1,125-ə çatıb. Bunun 0,375-i “Qarabağ” qazanıbsa, digər üç komandanın hərəsi 0,250 əldə edib. Son beş illik əmsalımız isə 17,500-dür.

Belarus təmsilçilərinin Avropa Liqasının cavab oyunlarında daha uğursuz çıxış etməsi Azərbaycanın irəliləməsi üçün yetərli olub. Nəticədə ölkəmiz bir pillə irəliləyib və 22-ci sırada qərarlaşıb.

S.M.
www.ÇıxışYolu.Com