Klyuvert XXI əsrdə “Top-5” liqaların hamısında qol vuran ikinci futbolçu olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İngiltərənin “Bornmut” klubunun hücumçusu Castin Klyuvert XXI əsrdə “Top-5”
liqaların hamısında qol vuran ikinci futbolçu olub.
“Report”un məlumatına görə, Niderland millisinin üzvü Premyer Liqanın XIII
turunda “Şeffild Yunayted”lə səfər görüşündə fərqlənməklə bunu reallaşdırıb.
O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Premyer Liqada ilk
qolunu vurub. 24 yaşlı forvard buna qədər “Roma” ilə İtaliya, “Leypziq”lə
Almaniya, “Nitsa” ilə Fransa, “Valensiya” ilə İspaniya yüksək liqalarında
fərqlənməyi bacarıb.
XXI əsrdə “böyük beşlik” ölkələrinin hər birində qol vuran ilk futbolçu Stevan
Yovetiç olub. 34 yaşlı monteneqrolu hücumçu “Fiorentina”, “İnter” (hər ikisi
İtaliya), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Monako” (Fransa)
və “Herta”da (Almaniya) oynayarkən ölkə çempionatında fərqlənib.
Qeyd edək ki, Castin Klyuvert “Bornmut”a yay fasiləsində 11 milyon avro
qarşılığında “Roma”dan keçib.