KOB-lar klasterdə birləşməklə bir sıra vergi güzəştlərindən faydalana bilərlər
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi
güzəştləri əldə edə bilərlər. Qanunvericilikdə KOB klaster şirkəti və onun
iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB
klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə
mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və
əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən
azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster
şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi
mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən
hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.
KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən kommersiya
hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün
kommersiya hüquqi şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA)
yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu
məhəllə) və ya elektron qaydada ([email protected]
müraciət edə bilər.
Müraciət zamanı kommersiya hüquqi şəxs ərizə, eləcə də KOB klasterin
iştirakçısı olmaq istəyən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq
subyektinin siyahısını və onların KOB klasterinin fəaliyyətində iştirakı
haqqında ərizələrini, KOB klasterin funksional xəritəsini, hüquqi şəxsin
nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul edilmiş qərarın əsli və
nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surətini agentliyə
təqdim etməlidir. Ərizəni və digər sənədləri linkdən yükləmək olar:
https://smb.gov.az/az/nav/kob-klaster
Qeyd edək ki, KOB klaster – eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində,
müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı
və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli,
bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB
klasteri iştirakçılarının məcmusudur.