8899ae79-fd52-40a0-8072-4a971fa55c44..jpg

KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb – FOTO

Baxış sayı: 846 dəfə baxılıb.

KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin
maliyyələşdirilməsinə başlanılıb – FOTO

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və
dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant
müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.

Layihələr müxtəlif sahələr üzrə onlayn platformaların və qurğuların
hazırlanması, qadın sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün
tədqiqat işlərinin aparılması istiqamətlərini əhatə edir. Qalib layihələrin hər
biri maksimum 20 min manat həcmində maliyyələşdiriləcək.

Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə müsabiqə qalibləri
ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair
müqavilələr imzalanıb.

Üçüncü qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin
sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə
dəstək məqsədilə keçirildiyini və müsabiqəyə 234 layihənin təqdim olunduğunu
bildirib. Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu
Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin
maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin
maliyyələşdirilməsinə təqribən 260 min manat vəsaitin ayrılması nəzərdə
tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına
köçürüləcək. Birinci və ikinci qrant müsabiqələrində isə 26 KOB subyektinin
layihəsi təqribən 500 min manat məbləğində maliyyələşdirilib.

Orxan Məmmədov qeyd edib ki, agentlik maliyyələşdirilmiş layihələrin davamlı
və KOB-lar üçün faydalı olmasında maraqlıdır. KOBİA tərəfindən layihələrin
icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunur.
Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılır və
layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Tədbir çərçivəsində həmçinin, ikinci qrant müsabiqəsi çərçivəsində layihələri
maliyyələşdirilmiş sahibkarların məhsul və xidmətlərindən ibarət kiçik sərgi
təşkil olunub.

Qeyd: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və
dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 3-cü qrant
müsabiqəsinə sənəd qəbulu 15 noyabr – 14 dekabr 2022-ci il tarixlərində,
layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2022-ci il – 10
fevral 2023-cü tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən
layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun
mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi,
əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları,
layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və
digər bu kimi amillər əsas götürülüb.

Source link