04a7bf1d-3dde-4178-92d5-b77c5cec1d05..jpg

KOBİA 4-cü qrant müsabiqəsi ilə bağlı vebinar keçirdi – FOTO

Baxış sayı: 524 dəfə baxılıb.

KOBİA 4-cü qrant müsabiqəsi ilə bağlı vebinar keçirdi – FOTO

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin
maliyyələşdirilməsinə dair elan edilmiş 4-cü qrant müsabiqəsi ilə bağlı
məlumatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə müsabiqə ilə bağlı
sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar
cavablandırılıb.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, 100-ə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş
tədbirdə KOBİA-nın Biznesə xidmətlər departamentinin əməkdaşları müsabiqənin
şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış
ediblər. Məlumat verilib ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il
tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro,
kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak
edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat və
dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə
yalnız 1 layihə təqdim edə bilər. Layihələr müvafiq qurumların
nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Ekspert Komissiyası
tərəfindən qiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği
maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların
inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki
məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan
müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas
götürüləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və
büdcənin əsaslandırılması üçün nümunəvi formaları, eləcə də digər məlumatları
Agentliyin saytında bu məqsədlə yaradılmış xüsusi bölmədən əldə edə bilərlər (
bit.ly/3YB1x2F ).

Müsabiqəyə sənədlər birbaşa və ya elektron formada təqdim oluna bilər. Sənəd
qəbulu 14 avqustdan başlayıb və 13 sentyabr saat 18:00-dək davam edəcək.
Müsabiqənin nəticələri barədə məlumat 15 noyabr 2023-cü il tarixindən sonra
KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az )
yerləşdiriləcək.

Tədbir zamanı bildirilib ki, müsabiqəyə təqdim ediləcək sənədlərin
hazırlanması prosesində dəstəyə ehtiyacı olan KOB subyektləri KOB inkişaf
mərkəzlərinin (KOBİM) ödənişsiz informasiya, məsləhət və təlim xidmətlərindən
də yararlana bilərlər.

Source link