587c0948-148b-4327-b7b3-23c0f06c4c08..jpg

KOBİA nümayəndə heyəti Avstraliyada səfərdə olub – FOTO

Baxış sayı: 518 dəfə baxılıb.

KOBİA nümayəndə heyəti Avstraliyada səfərdə olub – FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri
Orxan Məmmədov və agentliyin nümayəndələri Azərbaycan Respublikasının
Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı Səfirliyinin
əlaqələndirməsi ilə Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) tərəfindən Avstraliyada
keçirilən Qlobal Sahibkarlar Konqresində iştirak etmək üçün bu ölkədə işgüzar
səfərdə olub.

Bu barədə KOBİA məlumat yayıb.

Melburn şəhərində dünyanın 30 ölkəsindən dövlət rəsmiləri, iş adamları və
startapların iştirak etdiyi Qlobal Sahibkarlar Konqresi (“GEC2023”)
çərçivəsində təşkil olunan “Startaplar üzrə nazirlər görüşü” tədbirində
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın innovasiya
ekosistemi və ölkəmizdə startapların dəstəklənməsi təcrübəsi barədə məlumat
verib. Qeyd edilib ki, Azərbaycanda startap ekosisteminin dəstəklənməsi və
inkişafı sahəsində bir çox uğurlu islahatlar aparılır, o cümlədən
qanunvericilik təkmilləşdirilir, startaplar üçün müxtəlif təşviq və güzəştlər
tətbiq olunur, dövlət və özəl sektor tərəfindən dəstəklənən 10-a yaxın
inkubator və akselerasiya mərkəzi fəaliyyət göstərir. Startaplara onlara vergi
güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi verilir. İndiyədək KOBİA
tərəfindən mikro və kiçik sahibkarlara 100-dən çox belə sənəd təqdim olunub.
“Bakı KOB evi”ndə Startap İnkişafı Mərkəzi fəaliyyət göstərir, innovativ
layihələrə qrant dəstəyi verilir. Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan
əraziləri 30 illik erməni işğalından azad edildikdən sonra bu ərazilərdə
“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə başlanılıb.
Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində innovativ və rəqəmsal
cəmiyyətin, iqtisadiyyatın yaradılması üçün bərpa və yenidənqurma prosesində ən
müasir texnologiyalar və həllərdən istifadə edilir.

Səfər çərçivəsində, həmçinin KOBİA, Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) və “GEN
Azərbaycan” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qlobal Sahibkarlıq Şəbəkəsinin
prezidenti Conatan Ortmans və “GEN Azərbaycan”ın icraçı direktoru Seymur
Hüseynov imzalayıblar. Memorandumda yerli startap layihələrinə investisiyaların
cəlb edilməsi, onları potensial investorlar və maliyyə mənbələri ilə
əlaqələndirmək, beynəlxalq bazarlara çıxışda kömək etmək, bacarıq və
biliklərinin gücləndirilməsinə yönəlmiş seminar, təlim və mentorluq
proqramlarının, startap müsabiqələrinin, sahibkarlığa dair birgə tədbirlərin
təşkili, Azərbaycanın sahibkarlıq ekosistemi ilə beynəlxalq tədqiqat qrupları
arasında əlaqələrin genişləndirilməsi, sahibkarlıq və startap fəaliyyəti ilə
bağlı məlumat və təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri nəzərdə
tutulur.

“GEC2023” çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
Avstraliya, Oman, İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və İraqın müvafiq
qurumlarının nümayəndələri ilə görüşüb.

Avstraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri
Natali Süleyman ilə görüşdə kiçik və orta sahibkarlıq sahəsində hər iki ölkənin
təcrübəsinə, ticarət və qarşılıqlı investisiyaların artırılması sahəsində
mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Omanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatının sədri Həlimə bint
Rəşid əl-Zari ilə görüşdə KOB-lara dəstək və xidmət sahəsində təcrübə
mübadiləsi aparılıb, birgə əməkdaşlıq imkanları müzakirə edilib.

İndoneziyanın İqtisadi Məsələlər üzrə Nazirliyində İcmanın gücləndirilməsi və
sahibkarlıq üzrə direktor Chairul Saleh ilə iqtisadiyyatın müxtəlif
sektorlarında fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa dair fikir
mübadiləsi aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının Kiçik
və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) müavini Səud Əl-Sabhan
arasında görüşdə birgə təşəbbüslər və nəzərdə tutulan qarşılıqlı səfərlər
müzakirə edilib.

İraq Baş nazirinin müşaviri və “Riyada Təşəbbüsü”nün baş direktoru Hüseyin
Tahir ilə görüşdə İraqın biznesi dəstəkləyən qurumları ilə əməkdaşlığın
qurulması və hər iki ölkənin biznes dairələrinin əlaqələndirilməsinə dair fikir
mübadiləsi aparılıb.

TOBB Gənc Sahibkarlar Şurasının və “GEN Türkiyə”nin vitse-prezidenti, Habitat
Dərnəyinin prezidenti Sezai Hazır ilə sahibkarlıq, KOB-ların dəstəklənməsi və
mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin səfər zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Melburn
və Sidney şəhərində tikinti, təhsil, qida və nəqliyyat-logistika sektorlarında
çalışan Azərbaycan və Türkiyə iş adamları, eləcə də Müstəqil Sənayeçi və İş
Adamları Dərnəyinin (MÜSİAD) Sidney nümayəndəliyi ilə görüşüb, müəssisələrdə
olub.

Source link