“Azərbaycanda son 1 il 8 ayda mikro sahibkarlara verilən kreditlər 33% artdığı
halda, orta sahibkarlara verilən kreditlər 27%, kiçik sahibkarlığa verilən
kreditlər isə 12% azalıb”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda
Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
“Bu statistika onu göstərir ki, bank və bank olmayan kredit təşkilatları
KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar
atmalıdır. Regionlara yönəlik fəaliyyətin genişləndirlməsi üçün yeni
filialların yaradılmasına da ehtiyac var”, – deyə o qeyd edib.
“Biz KOBİA olaraq, yeni alətlərin tətbiqi məqsədilə İqtisadiyyat Nazirliyi
yanında Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçikməbləğli güzəştli kreditə
ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə başlamışıq. Bu
mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib.
Bunlardan 3 milyon manatlıq 514 bildiriş məhz bu ilin 9 ayında təqdim olunub.
Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də
banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək”, – deyə sədr
əlavə edib.
“Bundan əlavə olaraq KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələri üçün
qrant da ayırır. İndiyə qədər 100-ə yaxın belə layihəyə 1,4 milyon manat qrant
verilib. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi
məqsədi ilə startap sertifikatları təqdim olunub”, – deyə O.Məmmədov vurğulayıb.