a9ca2c29-0cc2-41d2-a2aa-4b89ae0e0fd1..jpg

KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb – FOTO

Baxış sayı: 586 dəfə baxılıb.

KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci
iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin
Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes
Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Cixisyolu.com-a KOBİA-dan bildirilib.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DEİK-in sədr müavini
Erdal Eren imzalayıblar. Anlaşma Memorandumu iki ölkə arasında idxal və ixracın
inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye
layihələri barədə işgüzar dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq,
birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.

KOBİA nümayəndələri hər iki ölkənin rəsmi şəxslərinin və iş adamlarının
iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda da iştirak ediblər.

Tədbirdə KOBİA tərəfindən ölkələrimiz arasında kiçik və orta biznes sahəsində
əlaqələrin inkişafı istiqamətində görülən tədbirlər və perspektiv imkanlar
barədə məlumat verilib.

Qeyd olunub ki, indiyədək KOBİA ilə Türkiyənin müvafiq qurumları arasında 11
anlaşma memorandumu və iki niyyət protokolu imzalanıb.

Son dövrlər ölkələrimizin regionları arasında da işgüzar münasibətlərin
genişlənməsi müşahidə olunur. KOBİA Türkiyənin sahibkarların təşkilatlanması,
KOB-lara dəstək mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır.
Agentlik vasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstək mexanizmlərinin
əksəriyyəti məhz Türkiyə təcrübəsi əsas götürülməklə hazırlanıb.

Səfər zamanı, həmçinin KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam
Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin
(SESRİC) Baş direktoru Zehra Zümrüt Selcuk arasında görüş keçirilib.

Görüşdə KOBİA-nın sahibkarların bilik və bacarıqlarının artırılması
istiqamətində dəstəyi barədə məlumat verilib, qarşılıqlı ekspert mübadiləsi
imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək tədbirlərin
təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək Azərbaycan Halal Biznes və
Turizm Forumuna təşkilatın dəstəyi məsələləri müzakirə edilib.

Görüş çərçivəsində KOBİA və SESRİC arasında əməkdaşlıq haqqında Anlaşma
Memorandumu imzalanıb.

Sənəddə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB
sahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, o cümlədən məlumat və
təcrübə mübadiləsinin, sahibkarlıq sahəsində təlim proqramlarının
reallaşdırılması, birgə layihələrin icrası kimi məsələlər nəzərdə tutulur.

Source link