Bu həftə Avropa Şurası Parlament Assambleyası (AŞPA) yenidən öz sevimli
məşğuliyyətinə qayıtdı: avroparlamentarilər azərbaycanlı həmkarlarının iştirakı
olmadan Azərbaycanda “insan hüquqları” mövzusunda debatlara başladılar.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Kollektiv Qərbin istənilən siyasi institutunda, məsələn, AŞPA və ya Avropa
Parlamentində bu cür müzakirələrə diqqət yetirdikdə belə təəssürat yaranır ki,
sanki Azərbaycanı tənqid edən Avropa siyasətçilərinin əllərində köhnə və hazır
konspektlər var. Avropalı parlamentarilərin çıxışlarındakı səhvlər,
qeyri-dəqiqliklər və qərəzli ifadələr belə düşünməyə əsas verir. Aktuallığını
itirmiş tezislər əsasında qurulan nitqlər, çıxışçıların əksəriyyətinin
Ermənistan-Azərbaycan münasibətlərinin nə tarixindən, nə də hazırkı
reallıqlardan yetərincə məlumatlı olduqlarını göstərir.
Budəfəki müzakirələr də ənənələrdən geri qalmayaraq “Dağlıq Qarabağ”da həyata
keçirilən etnik təmizləmələr”ə həsr olundu. Bu müzakirələr avropalı
deputatların – təbii ki, hamısı deyil – siyasi cəhətdən nə qədər hazırlıqsız,
birtərəfli və naşı olduqlarını, hansı səviyyədə təlimatlandırıldıqlarını və
bəlkə də obyektivlikdən kənarda olan çıxışlarını müəyyən cazibədar faktorların
təsiri və ya məcburiyyəti altında etdiklərini göstərir. Aydındır ki, onları öz
ölkələrinin qanunverici orqanlarına seçən seçicilərin də Cənubi Qafqazda baş
verənlərdən dəqiq məlumatları yoxdur. Başqa sözlə, bu şəxslər parlamentlərə
Azərbaycana qərəzli yanaşma və ya Ermənistana sevgi ilə seçilmirlər. Bu da
onlara beynəlxalq təşkilatlarda məsuliyyətsiz çıxışlar etmək üçün geniş imkan
yaradır. AŞPA kimi qurumların icra etdiyi təsirsiz “geosiyasi dəyənək” rolu
artıq heç kimə sirr deyil. Bu təsirin yalnız Azərbaycana deyil, həm də Avropa
İttifaqına üzvlüyə namizəd olan qonşu Gürcüstana qarşı son aylarda güclənən
hücumlar da bunun növbəti sübutudur.
AŞPA-da Azərbaycanın ünvanına söylənən ittihamların əsas məqsədi, əslində,
sadəcə bu ittihamları səsləndirməkdir. Robotlaşmış avroparlamentarilər onlara
verilən təlimatlar əsasında çıxışlar edir, lakin nə dediklərinin mahiyyəti, nə
də gerçəkliklər barədə tam məlumatlıdırlar. Məsələn, XXI əsrdə, internet
dövründə “etnik təmizləmə” barədə iddialar hansı məsuliyyətlə irəli sürülür?
Axı media var, Azərbaycanda və Ermənistanda akkreditə olunmuş diplomatik
nümayəndəliklər və beynəlxalq təşkilatlar var ki, qeydiyyatlar aparırlar.
Ermənilərin Qarabağdan könüllü qaçdığı zaman hansı belə instansiya “etnik
təmizləmə” halını qeydə alıb? Bu, XX əsrin əvvəlləri deyil ki, “1.5 milyon
erməninin Osmanlı imperiyasında soyqırımına məruz qalması” barədə yalanlar
uydurasınız! 30 il əvvəl azərbaycanlıları qətl edən, tarixi yurdlarından zorla
qovan, səkkiz şəhəri və yüzlərlə kəndi talan edib yer üzündən silən,
məzarlarımızı, tarixi abidələrimizi və ibadət yerlərimizi dağıdan şəxslərin
Ermənistana qaçması nə vaxtdan etnik təmizləmə olub? Azərbaycan pasportunu alıb
vətəndaş olmaq üçün yaradılmış imkanlardan imtina edənlərin Qarabağı könüllü
tərk etməsi etnik təmizləmə hesab edilə bilərmi? AŞPA tribunasından bu
məsuliyyətsiz çıxışları edən şəxslər Azərbaycan polisinin “etnik təmizləmə”yə
məruz qalan erməniləri qoruduğuna, onları qalmağa dilə tutduğuna və tibb
işçilərinin onları müşayiət etdiyinə dair videogörüntüləri izləyiblərmi?
Budəfəki çıxışçılar arasında Litvanın xarici işlər naziri xüsusilə diqqət
çəkdi. Qabrielyus Landsberqis rəsmi Bakının sentyabrın 1-də keçirilən parlament
seçkisini müşahidə etmək üçün AŞPA-dan heç kimi dəvət etmədiyinə görə incik
qalıb. Cənab Landsberqis hətta Azərbaycandan “tələb” də edir: Avropa Şurasına
daxil olarkən üzərinə götürdüyü öhdəliklərə riayət etsin.
Litva kimi ölkələr qlobal siyasətdə heç bir xüsusi missiya daşıyıcısı
deyillər. Onların əsas işi Parisin və Brüsselin tezisləri və təlimatları
əsasında çıxışlar etmək, uzaqgörənlikdən məhrum olan və ikitərəfli
münasibətləri təhlükə altına alan bəyanatlar verməkdən ibarətdir. Landsberqis
bilir ki, debatlarda Azərbaycan təmsilçiləri iştirak etmirlər və ona narahat
suallar verən olmayacaq. Məsələn, öhdəliklərdən danışılırsa, AŞPA-nın
azərbaycanlı parlamentarilərin hüquqlarını pozmasını necə izah edə bilər?
Azərbaycana qarşı məlum qərəzli mövqedə olan bir təşkilatın nümayəndələri hansı
haqqa əsaslanaraq və hansı məqsədlə seçkini müşahidə etməlidirlər? Çoxsaylı
sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edən, hətta Ermənistanın
işğalçı dövlət olduğunu təsdiqləyən AŞPA rəsmiləri hansı haqla birtərəfli mövqe
tutaraq İrəvanı müdafiə edirlər? Bu suallara Litva XİN rəhbərinin cavab verməsi
çətin görünür. Çünki birincisi, o da təlimatlarla çıxış edir, ikincisi isə
təmsil etdiyi dövlətin təsir imkanları sıfıra bərabərdir.
Belə görünür ki, Qərb yalnız AŞPA ilə kifayətlənməyib, digər beynəlxalq
platformalar, hökumətlər, müxtəlif forumlar və tədbirlər vasitəsilə Azərbaycana
“təsir etməyi” arsenalında qalan yeganə çıxış yolu kimi görür. AŞPA-dakı
“müzakirələrlə” paralel olaraq Varşavada keçirilən təhlükəsizlik forumundakı
açıq ermənipərəst atmosfer və Ararat Mirzoyanın “benefisi”, ABŞ
konqresmenlərinin həbsdə olan cinayətkar separatçı xuntanın liderlərinin “azad
olunmalarını” Azərbaycandan “tələb etmələri” kimi mənasız aksiyalar sadəcə
gülüncdür. Biz isə Xankəndidə dalğalanan üçrəngli bayrağımıza baxaraq bu cür
məlumatları oxuyub gülürük.