Bu il martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli, “Yamaha-85” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən ÇıxışYolu.Com-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.
DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu olduqları müəyyən olunub.