Köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı öldürən şəxs ömürlük azadlıqdan
məhrum edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daşkəsəndə köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı qəsdən öldürməkdə ittiham
olunan 40 yaşlı Şahin Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim
Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılıb.
İttihamda deyilir ki, təqsirləndirilən şəxs 86 yaşlı Məhərrəm Məmmədov və onun
arvadı 77 yaşlı Pəri Məmmədovanın övladlarının olmadığı üçün tənha
yaşadıqlarını bilib, evdə pul olacağını düşünərək onları quldurluq niyyəti ilə
öldürmək qərarına gəlib.
Müttəhim cinayət törətmək məqsədilə evə girərkən ilk olaraq P.Məmmədova ilə
qarılaşıb. O, əlində olan taxta parçası ilə yaşlı qadının başına ardıcıl zərbə
vuraraq ölümünə səbəb olub. Təqsirləndirilən şəxs arvadının qışqırıq səsinə
çıxan əri M.Məmmədovu da eyni qaydada öldürüb. O, hadisədən sonra bir müddət
sahibindən icazəsiz kənd sakinlərdən birinin evində gizlənib.
Ş.Ələsgərov məhkəmədə özünü təqsirli bilib, törətdiyi cinayət əməlinə görə
peşman olduğunu deyib.
Məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək
təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini
tələb edib.
Hökmə əsasən, Şahin Ələsgərov köməksiz vəziyyətdə olan iki nəfəri öldürməkdə,
oğurluqda, quldurluqda, mənzil toxunulmazlığını pozmaqda və əmlakı məhv etməkdə
təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. O, qalan ömrünü həbsxanada
keçirəcək.