Azərbaycan Ordusunda motoatıcı və komando (Quru Qoşunları üzrə) ixtisasları
üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan
vətəndaşların qəbuluna başlanılır.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi
xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 29 oktyabr – 7 noyabr, 25
noyabr – 30 noyabr 2024-cü il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris
Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na
qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq
dərəcələrinin müəyyən edilməsi məqsədilə qəbul komissiyası tərəfindən Müdafiə
Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilirlər. Hərbi Həkim
Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər
qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları,
ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin
fərdi-psixoloji və digər keyfiyyətlərin öyrənilməsi məqsədilə keçirilən
imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar
ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim
etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə bir nüsxədə, çap edilmiş iki
nüsxədə);
– təhsil haqqında sənədin surəti (bir nüsxədə);
– doğum haqqında şəhadətnamənin surəti (bir nüsxədə);
– şəxsiyyət vəsiqəsinin surəti (bir nüsxədə);
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, bir nüsxədə);
– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (şəxsiyyət
vəsiqələri olmadıqda doğum haqqında şəhadətnamələrin surəti, bir nüsxədə);
– dörd ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, iki ədəd 3×4 sm və iki ədəd
4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji
və son beş ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə)
arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (bir
nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Eldar
Ağayev küçəsi, 126 (Bakı Hərbi Məhkəməsinin yanı).
Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə, saat 9:00-dan 17:00-dək (bazar
günləri istisna olmaqla).
Qeyd:
1. Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq
olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən
asılı olmayaraq, məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət
etməmələri xahiş olunur.
2. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı
kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Quru Qoşunlarının
ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata
keçiriləcək.
Müdafiə Nazirliyi qəbul elan edir
Komando və motoatıcı olmaq istəyənlərin nəzərinə: Müdafiə Nazirliyi qəbul elan
edir