Komitə intihara cəhd edən kişinin iddialarını təkzib etdi

Komitə intihara cəhd edən kişinin iddialarını təkzib etdi

Baxış sayı: 2. 490 dəfə baxılıb.

Komitə intihara cəhd edən kişinin iddialarını təkzib etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi intihara cəhd edən Yaşar Əhmədovun iddialarına münasibət bildirib.

Komitədən ÇıxışYolu.Com-a verilən məlumata görə, 3 may 2018-ci il tarixində Tovuz rayonu Bozalqanlı kənd sakini Yaşar Əhmədovun qonşularının kollektiv şəkildə “Xəzər” televiziyasının “Səni axtarıram” verilişinə edilmiş müraciəti əsasında Yaşar Əhmədovun ailə problemi ictimailəşdirilib və mövzu ətrafında müzakirələr aparılıb:

“Məsələ barədə televiziyanın əməkdaşları tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə şifahi müraciət olunub. Müraciətdə Yaşar Əhmədovun həyat yoldaşı Pərvanə Məhəmməd qızı Qarayeva tərəfindən tərk edildiyi, himayəsində iki azyaşlı uşağın olduğu və onların çətin həyat şəraitində saxlanıldığı bildirilib. 

Bundan dərhal sonra komitə tərəfindən Y. Əhmədovla telefon əlaqəsi saxlanılıb və o, komitəyə dəvət olunub. Bir neçə gün ərzində vətəndaş müxtəlif bəhanələrlə komitəyə gəlməyib və və telefonunu söndürüb. 

Məsələ barədə komitə tərəfindən 4 may 2018-ci il tarixində 2-499/18 nömrəli məktubla Tovuz rayon İcra Hakimiyyətinə müraciət edilib. 16 may 2018- ci il tarixində Tovuz rayon İcra Hakimiyyəti tərəfindən müraciətə cavab olaraq hazırda uşaqların Gəncə şəhərində ananın himayəsində yaşadıqları və İcra Hakimiyyəti tərəfində müntəzəm olaraq P.Qarayeva ilə əlaqə saxlanıldığı bildirilib.

Komitə tərəfindən aparılan araşdırma əsasında məlum olub ki, vətəndaş Yaşar Əhmədov Samux rayon sakini P.Qarayeva ilə qeyri-rəsmi nikaha daxil olub və birgə nikahdan iki övladları – Hüseyn və İsmayıl Əhmədovlar doğulub. Ailə münaqişəsi zəminində baş vermiş hadisələr əsasında P.Qarayeva uşaqları atanın himayəsində qoyaraq evi tərk edib. 

Öz növbəsində, içki aludəçisi olan Y.Əhmədov uşaqlara laqeyd yanaşıb, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək uşaqları uşaq evinə yerləşdirmək istədiyini bildirib. Edilmiş müraciət əsasında aidiyyəti üzrə məsələnin həlli istiqamətində işlərin aparılması məqsədilə Tovuz rayon İcra Hakimiyyətinə məlumat verilib.

Məsələ ilə İcra Hakimiyyətinin hüquqi məsələlər üzrə iş şöbəsi məşğul olub, lakin uşaqların sənədləri olmaması səbəbindən onları uşaq evinə yerləşdirmək mümkün olmayıb.

Yaşar Əhmədov məhkəmə tərəfindən müəyyən olunmuş tarixlərdə məhkəmə iclasına gəlməyib və məsələ öz həllini tapmayıb. Nəticədə, atanın himayəsində qalan uşaqlar daha da baxımsız vəziyyətə düşüb.

Hadisənin şahidi olan qonşular tərəfindən “Səni axtarıram” verlişinə edilmiş müraciət əsasında uşaqlar Kəmalə Ağazadənin rəhbərlik etdiyi “Azərbaycan Uşaqlar Birliyi” qeyri-hökumət təşkilatının Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. 

Məsələ ictimailəşdikdən dərhal sonra ana P.Qarayeva mərkəzə gedərək uşaqları götürüb və yaşadığı ünvana aparıb. Ana hazırda Gəncədə işləyir və uşaqlar onun himayəsindədir.

Hazırda bu məsələ Komitə tərəfindən nəzarətə götürülüb, tam həll olunana qədər nəzarət davam etdiriləcək”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com