0a815cec-0e0d-4a2a-93b6-8bdfeb938f89..jpg

Komitə sədri: “ABŞ Dövlət Departametinin Azərbaycanla bağlı bəyanatını qərəzli sayır və rədd edirik”

Baxış sayı: 536 dəfə baxılıb.

Komitə sədri: “ABŞ Dövlət Departametinin Azərbaycanla bağlı bəyanatını qərəzli
sayır və rədd edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin bir neçə
ölkəni, o cümlədən Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə
pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na
daxil etməsinə münasibət bildirib.

Komitə sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Amerika
Birləşmiş Ştatlarında Beynəlxalq Din Azadlığı Komissiyası adlanan bir qurum
var. Komissiya hər il dünya ölkələrindəki dini durumla bağlı hesabat hazırlayır:

“Sözdə beynəlxalq səviyyədə dini azadlıqların pozulmasını monitorinq edərək
Prezidentə, Dövlət katibinə və Konqresə müvafiq tövsiyələr verməklə məşğul olan
BDAK 1998-ci ildə ABŞ-də müstəqil federal hökumət komissiyası kimi təsis
edilib. Komissiya üzvləri Prezident, Nümayəndələr Palatasında və Senatda
Demokrat və Respublikaçı liderlər tərəfindən təyin edilir.

Dövlət Departamenti həmin hesabat əsasında ayrı-ayrı ölkələrdəki dini durumla
bağla açıqlama verir. Beynəlxalq Din Azadlığı Komissiyası neçə ildir ki,
hesabatlarında Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayır. Dəfələrlə bu
Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların
göstərdikləri heç bir fakta söykənməyən şayiə xarakterli, uydurma məsələlərlə
bağlı mövqeyimiz onların diqqətinə çatdırılıb, görüşlər keçirilib, bu məsələlər
müzakirə edilib. Beynəlxalq Din Azadlığı Komissiyası 2023-cü ildə ölkəmizlə
bağlı dekabrda geniş xüsusi hesabat yayıb. Hesabatdakı bütün məsələlər
tərəfimizdən geniş şəkildə təhlil olunub. Dekabr ayının 5-də biz həmin
Komissiyaya məktub göndərərək hesabatda qaldırılan məsələlərin doğru
olmadığını, qərəzli olduğunu maddə-maddə onların diqqətinə çatdırıb etirazımızı
ifadə etmişik. ABŞ-nin Dövlət Departamentinin mətbuatda yayılan bəyanatında
Azərbaycanın izləmə siyahısına daxil edilməsi ilə bağlı söylədiyi fikir də
həmin Komissiyanın hazırladığı sənədə istinad edir. Dediyim kimi, həmin
Komissiyanın sənədinin də tamamilə böhtan olduğu tərəfimizdən bildirilib.
Azərbaycanı izləmə siyahısına daxil etmək ifadəsi özü yanlış və gülüncdür.
ABŞ-nin Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında belə fikrin
səsləndirilməsi bir daha Amerikanın ikiüzlü siyasətinin bariz nümunəsidir. Bu,
Azərbaycana qarşı böhtandan başqa bir şey deyil”.

Komitə sədri deyib ki, bütün dünya ölkələri içərisində Azərbaycan dini
tolerantlıq və multikultural dəyərlər baxımından örnək ölkə olaraq tanınıb,
nümunəvi ölkələrdən biri sayılır:

“Bunu yalnız biz demirik, bunu ölkəmizə gələn, buradakı dini mühiti öyrənən, o
cümlədən xarici ölkələrdə keçirdiyimiz tədbirlər, görüşlər zamanı Azərbaycan
haqqında geniş məlumatı olan hər bir şəxs deyə bilir. Azərbaycan dünyəvi,
tolerant, multikultural ölkədir. Onu da qeyd edim ki, adıçəkilən Komissiyanın
2023-cü dekabr ayında yaydığı açıqlamadakı məqamların qərəzli olması ilə bağlı
Azərbaycanda olan qeyri-müsəlman icmalarının aparıcı qurumları xüsusi bəyanat
yayıblar və bunu etiraz olaraq həmin Komissiyaya göndəriblər. Eyni zamanda,
Azərbaycanda olan ayrı-ayrı dini konfessiyaların rəhbərləri də həmin vaxt
mövqelərini ortaya qoyublar. İndi Dövlət Departamentinin Beynəlxalq Din
Azadlığı Komissiyasının hazırladığı qərəzli hesabata istinad edərək bu cür
açıqlama verməsi tərəfimizdən tamamilə rədd edilir, bu, qəbuledilməzdir. Hesab
edirik ki, bütün bunlar Azərbaycana, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinin bərpasına yönəlik uğurlu addımlarını həzm edə bilməyənlərin
ölkəmizə qarşı atdığı qərəzli addımlarından biridir. Əgər dini baxımdan izləmə
lazımdırsa, bu baxımdan ən izləniləsi ölkələrdən biri Ermənistandır. Bu gün
ABŞ-nin ermənipərəst mövqedə dayanan bəzi siyasi dairələrinin görməli olduqları
ölkələrdən biri Ermənistan olmalı idi. Lakin erməniləri himayə edənlər onu
görmək əvəzinə Azərbaycana hücum edirlər. Monoetnik, monodin olan Ermənistanda
ayrı-ayrı din nümayəndələrinin təqib edilməsi faktlarını heç kim gizlədə
bilməz. 30 il ərzində Qarabağı işğal altında saxladığı zaman həm müsəlman, həm
də digər dinlərə, o cümlədən Qafqaz Albaniyasına aid dini abidələrə qarşı
vandalizm aktı törədənin Ermənistan olduğunu hamı bildiyi halda, Azərbaycanı
izləmə siyahısına daxil etmək nə ədalətə, nə insanlığa, nə də siyasətə yaraşır”.

Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda dini sabitlik hökm sürür:

“Müxtəlif dini konfessiyalar arasında harmonik və birgə fəaliyyət, birgə
bəyanatlar, açıqlamalar verilir. Müsəlman dini icmaları ilə qeyri-müsəlman dini
icmalarının birgə fəaliyyət göstərdiyini, ümumilli, ümumdövlət məsələlərində
birgə olduqlarını hər zaman görürük. Vətən müharibəsi dövründə də bunu gördük.
Azərbaycanda dini mühitə xaricdən müdaxilə etmək, dinlərarası, məzhəblərarası
qarşıdurma yaratmaq istəyənlər hər zaman iflasa uğrayıblar. Ona görə ki,
Azərbaycanda dini mühit ənənələrə və tolerantlığa söykənir. Dövlət
Departamentinin həmin Komissiyanın məlumatlarına istinadən bu cür fikirlər
səsləndirməsini, dini mühitimizlə bağlı qərəzli mövqeyi nümayiş etdirməsi
qəbuledilən deyil. Komissiyada erməni lobbisinin nümayəndələrinin olduğu,
onların məxsusi şəkildə bu cür qərəzli informasiyalar hazırladığını və erməni
lobbisinin təsirlərini görə bilərik. Bizim sözügedən Komissiyanın hesabatına
qarşı faktlarla bənd-bənd hazırladığımız müddəalarda qərəzlər sübuta yetirilib.
Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq bununla bağlı öz mövqeyimizi
Komissiyaya göndərmişik. Dövlət Departamenti vasitəsilə yayılan məlumatlara da
öz qəti etirazımızı rəsmi şəkildə ifadə edəcəyik. Dini baxımdan izlənməli olan
ölkələrdən biri bəlkə də elə Amerika özüdür. Çünki ABŞ-də müsəlmanlara və digər
dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisənin olduğu hamıya
bəllidir. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-da
dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət
faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya
məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə
məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.

Həmin Komissiyanın özü Amerikada bir alət rolunu oynayır, bu alətdən də başqa
ölkələrə təzyiq göstərmək üçün istifadə edilir. Bu cəhdlər əbəsdir!”

Source link