Ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat mühüm yer tutur. Nəqliyyat sektorunun ümumi daxili məhsulda payı 2017-ci ildə 6,8 faiz təşkil etməklə, 2003-cü ilə nisbətən bu sektorda yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.
O qeyd edib ki, 2017-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə yük daşınması və sərnişin daşınması 2003-cü illə müqayisədə 2,1 dəfə artaraq, müvafiq olaraq 226,4 milyon tona və 1973,4 milyon sərnişinə çatıb.
Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yük daşınması 2003-cü illə müqayisədə 2,5 dəfə artaraq 144,9 milyon tona, sərnişin daşınması isə 2,2 dəfə artaraq 1739,7 milyon nəfər olub.
2018-ci il yanvar ayının 1-i vəziyyətinə avtomobillərin sayı 1342,3 min ədəd təşkil edib. Ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə yüksəlib. Hər 100 ailədən 52-nin şəxsi avtomobili olub.