Komitə sədri: “İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk
mənşəlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Qərbi Azərbaycan
torpağı Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət,
ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib. “Kitabi-Dədə
Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Qərbi
Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən
bu ərazilərə köçürülüblər”.
“Trend” xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman
Əmiraslanov söyləyib.
Millət vəkili qeyd edib ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin
toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edib.
Komitə sədrinin sözlərinə görə, XIX əsrin əvvəllərindən 1994-cü ilə kimi Qərbi
Azərbaycan ərazisində olan türk mənşəli oykonimlər, oronimlər və hidronimlər
dəyişdirilərək erməniləşdirilib.
Deputat qeyd edib ki, tarixdə saxtakarlıq sahəsində birinci olan ermənilər 200
ilə yaxındır Qərbi Azərbaycanda tariximizi saxtalaşdırmaqla, türk mənşəli
toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olurlar.
“1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Xəritəyə
baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk
mənşəlidir”, – deyə akademik vurğulayıb.