Komitə sədri: Qanunda kvota məsələsi nəzərdə tutulmalıdır

Komitə sədri: Qanunda kvota məsələsi nəzərdə tutulmalıdır

Baxış sayı: 2. 404 dəfə baxılıb.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin aprelin 30-da keçirilən iclasında “Məşğulluq haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

ÇıxışYolu.Com xəbər verir ki, qanun layihəsi beş fəsil, 34 maddədən ibarətdir. 

Layihəni təqdim edən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, parlamentin rəhbərliyi adıçəkilən sənədin müzakirəsinə öz dəstəyini verib və bu baxımdan, qısa müddət ərzində ikinci oxunuşa çıxarılıb.

“Biz bu sənədə təklif olunan bəzi dəyişiklikləri qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik və razılaşdırdıq. Eyni zamanda, arzu edirik ki, kvota məsələsi gələcəkdə nəzərdə tutulsun. Çünki bununla bağlı həm komitə üzvlərimizin, həm də digər millət vəkillərinin təklifləri ortadadır”, – deyə komitə sədri əlavə edib.

Adıçəkilən komitənin üzvü, professor Jalə Əliyeva isə qanun layihəsində hələ də bəzi stilistik xətaların olmasından narazılıq edib və onların aradan qaldırılmasını məqsədəuyğun sayıb.

“Eyni zamanda qeyd olunur ki, qanun dərc edildiyi gündən qüvvəyə minir. Bununla yanaşı, yazılır ki, yanvarın 1-dən qüvvədədir. Bu anlaşılmazlığı da aradan qaldırmaq lazımdır”, – deyə J. Əliyeva qeyd edib.

Millət vəkili Musa Quliyev yenidən əlillərlə bağlı məsələyə qayıdıb və bildirib ki, onların məşğulluq məsələsi daim diqqətdə olmalıdır:

“Lazım gəlsə, bununla bağlı ayrıca qanun hazırlanıb, qəbul edilməlidir. Eyni zamanda, əlillərin məğulluq məsələsi həm müzakirə olunan qanunun predmeti, həm də yeni hökumətin diqqətində olmalıdır. Bu, çox mühüm məsələdir. Onu diqqətdən kənarda qoymaq olmaz”.

“Birinci qrup əlillərlə bağlı yeni məqam ortaya çıxıb. Yəni, əlillərlə bağlı yaxın günlərdə plenar iclasda müzakirələrə çıxarılacaq qanunumuzda belə bir məsələ nəzərdə tutula bilər ki, birinci qrup əlillərə “evdə qulluq” məsələsi reallaşdırılsın.

Yəni, bəzən ailə üzvləri bildirirdilər ki, pul, müavinət verilsə, əlilimizə elə evdə özümüz qulluq edərik. Yəni, bunu işləyən ailə üzvləri deyirdilər. Odur ki, belə bir ideya ortadadır və o, qanunda nəzərdə tutula bilər”, – müzakirələrə yekun vuran H.Rəcəbli deyib.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com