Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Ancaq indi görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın, bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı ilbəil artır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib.
H.Hüseynova bildirib ki, hazırda aktual məsələlərdən biri də gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının düzgün tənzimlənməsidir.
Onun sözlərinə görə, peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi mühüm əhəmiyyət kəsb edir ki, bu, gələcəkdə insanların işlə təmin olunmasına müsbət təsir göstərəcək:
“Bu gün gənc tədqiqatçılarımız təkcə ölkədə deyil, dünyada uğurlar qazanırlar. Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə buna gözəl nümunədir. Ölkəmizdə belə bir yeni nəslin formalaşması ilə fəxr edirik və dövlət tərəfindən belə gənclərə böyük diqqət yetirilir.
Qadınlar təkcə elmdə deyil, mədəniyyət, incəsənət və idmanda özünəməxsus yer tuturlar.
Biz qürur hissi keçiririk ki, onlar belə yüksək nailiyyətlər əldə edir, bayrağımızı qaldırır, himnimizi səsləndirirlər”.
H.Hüseynova əlavə edib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda, xüsusilə, qadın sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb, son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur, hazırda sahibkar qadınların sayı yüz qırx üç mindən çoxdur:
“Qadınların sahibkarlıq fəaliyyətini daha da gücləndirmək üçün maliyyə resurslarının əldə edilməsi, bu sahədə bilik və təcrübələrinin az olması, onlar üçün maneələr yaradan bir sıra sosial-psixoloji amillərə xüsusi diqqət ayırmaq lazımdır.
Bu baxımdan, qadınların peşə hazırlığı, sahibkarlıq fəaliyyəti haqqında geniş bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsi vacibdir”.
Komitə sədri deyib ki, məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlərin görülməsinə baxmayaraq, bu məsələ hələ də narahatlıq yaradır.
H.Hüseynova bildirib ki, əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər:
“Nəzərinizə çatdırım ki, bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçun məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb.
Bu, yerlərdə monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasına kömək edir”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com