Konqolu futbolçu: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yeni gələndə hər kəs “Sabah”ın, “Neftçi”nin adını çəkirdi. Amma mənim seçimim
belədir: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır”.
Bunu “Araz-Naxçıvan”ın futbolçusu Elviş Maşike klubun rəsmi saytına
açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin oyununu bəyəndiyini bildirib:
“Bu komanda daha keyfiyyətli futbolçulardan qurulub və yaxşı oynayır”.
Konqolu oyunçu X turda “Qəbələ”yə qarşı keçirəcəkləri matça toxunub:
“Çətin qarşılaşma olacaq. “Qəbələ”nin turnir cədvəlindəki mövqeyi heç kimi
yanıltmasın. Razıyam, onlar cari mövsümdə çox xal itiriblər. Amma ötən mövsüm
əla çıxış etmişdilər. Həm Azərbaycan kubokunu qazanmışdılar, həm də Premyer
Liqada 4-cü yeri tutmuşdular. Bu nəticəni qazanan komanda zəif ola bilməz.
Üstəlik, görüş onların meydanında baş tutacaq”.
Maşike komandadakı vəziyyət haqqında danışıb:
“Ötən tur “Sabah”a qarşı çox yaxşı oynadıq. Hətta qələbə də qazana bilərdik.
Bu da bizə əlavə motivasiya verir. Hər iki komanda qələbə qazanmaq üçün meydana
çıxacaq. Baş məşqçimiz necə oynayacağımızı matça bir gün qalmış deyəcək. O,
bizdən yaxşı göstərici tələb edir. Hər dəfə meydana çıxanda qələbə üçün
mübarizə aparmağımızı istəyir”.
Yarımmüdafiəçi birinci dövrədə qeydə alınan nəticələri qiymətləndirib:
“Bir qədər əvvələ baxaq. Komanda Birinci Liqadan yeni gəlmişdi, heyətdə demək
olar, çox az sayda futbolçu var idi. Mövsümün startına az vaxt qalmış
futbolçular dəvət olundu. Yeni çempionat, fərqli ölkə və mentalitet…Əlbəttə,
uyğunlaşmaq üçün vaxt lazım idi. Heç komanda olaraq toplanış da keçirmədik.
Ancaq baş məşqçimiz bizi yaxşı nəticə qazanacağımıza inandırdı. Nəticələri
pozitiv hesab edirəm. “Səbail”lə qarşılaşmadakı nəticəyə görə üzüldüm. Rəqibdən
daha yaxşı oynadıq, real qol şansımız da onlardan çox oldu. Təəssüf ki, sona
yaxın təyin olunan penalti əziyyətimizi nəticəsiz qoydu. Ancaq bu cür oyunlar
da olmalıdır ki, motivasiyadan düşməyəsən. Demək olar, hər matçda fərqlənmək
üçün daha çox şansımız olur, amma hamısını qola çevirə bilmirik”.
O, son olaraq uyğunlaşma ilə bağlı probleminin olduğunu diqqətə çatdırıb:
“Komanda yoldaşlarıma inanıram, bilirəm ki, qol vurmağım üçün mənə hər cür
şərait yaradacaqlar. Bu baxımdan heç bir narahatlığım yoxdur. Əsas problemim
uyğunlaşma ilə bağlı idi. Fərqli ölkə, yeni liqa, komanda, heç vaxt bir yerdə
oynamadığım futbolçular və s. Baş məşqçinin istəyi də fərqlidir. Azər Bağırova
təşəkkür edirəm, hər zaman mənə inandığını deyir, qətiyyətli olmağımı tapşırır,
şans verir. Komandama, baş məşqçimə lazımamsa, deməli, xoşbəxt adamam. Mən də
əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Problemlərim arxada qalıb, indi
tam hazıram”.