Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Prokurorluğunun sorğusu əsasında
qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti
iclası keçirilib.
Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, iclasda
Azərbaycan Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası
Konstitusiyasının 26-cı və 61-ci maddələri baxımından Cinayət-Prosessual
Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət
prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6,
32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini,
maraqlı subyektlər Baş Prokurorluğun və Milli Məclis Aparatının mülahizələrini,
Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun və həmin kafedranın
dosenti, hüquq üzrə fəlsəfə doktoru R.Rüstəmovun rəyini və işin materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
92.16.3-cü maddəsinin “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən
hallar” müddəası yalnız həmin Məcəllənin 114.1-ci maddəsində göstərilən
müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları nəzərdə tutur
və bu Məcəllənin 92.10-cu maddəsində sadalanan müdafiəçiyə qadağan olunmuş
hərəkətləri ehtiva etmir.
Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin
cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsinə dair müraciətinə
müdafiə olunan şəxsin etirazı olmadığı halda müdafiəçinin icraatın sonrakı
mərhələsində iştirak etməsi Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud
pozuntusu hesab edilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.