Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məlahət Məmmədovanın CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, Məlahət Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək, ümumilikdə onlara məxsus 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Zərəçəkmiş qismində ibtidai istintaqda əməkdar artist, müğənni Könül Kərimova da tanınıb.
Belə ki, Məlahət Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürəcəyini söz verib və bu işin müqabilində Könül Kərimovadan 32000 manat pul alıb. Lakin sonra verdiyi vədə əməl etməyib.
Həmçinin saxlanılan M.Məmmədovanın 2012-ci ildə dələduzluq əməlinə görə tutulması və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alması məlum olub.
Hazırlıq iclasından təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.
İş üzrə baxış ayın 20-nə təyin olunub.