43fe42ba-76f0-43dd-950b-65a50887c97c..jpg

Könüllərə, ruhlara mənəvi qida verən bəstəkar: Elza İbrahimovanın anım günüdür

Baxış sayı: 638 dəfə baxılıb.

Könüllərə, ruhlara mənəvi qida verən bəstəkar: Elza İbrahimovanın anım günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elə nəğmələr var ki, insan mənəviyyatının zənginləşməsi, duyğularının
kamilləşməsində önəmi əvəzsizdir. Həmişəyaşar mahnılarla insanların qəlbində
əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib
olan xoşbəxtlik deyil.

Cixisyolu.com xəbər verir ki, bu gün vəfatından 12 il ötən Azərbaycanın Xalq artisti
Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır.

Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban
verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin
yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr
Xalq artisti Elza İbrahimovanı unutdurmağa qoymur.

O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu
xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti
sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla həmkarlarının
qibtə etdikləri səviyyəyə ucalıb, ifaçıların rəğbətini, kiçikdən böyüyədək
müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb, onlarda musiqinin bu və ya
digər janrına maraq oyadıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə
çevirən Elza İbrahimova mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə
başa vurub.

Görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət
xadimi Elza İbrahimovanın əlli ildən artıq bir dövrü əhatə edən zəngin
yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə
edir. Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri,
“Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka
üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik
poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara
musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin meydana gətirdiyi bütün bu
əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.

“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən
muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər)
operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər
himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın milli
qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi
rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri isə
dinləyicilərin yaralarına bir məlhəmdir.

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon
Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov,
Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək
fikirlər söyləyiblər.

Şübhəsiz Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur.
Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə
Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi
yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova
yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas olan
sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb.
Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk
bəstəkarlardan biri Elza İbrahimova olub.

Elza İbrahimovanın mahnıları ən ülvi hisslərin – vətənpərvərlik, insanlara
məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Belə
əsərlərdə milli muğamımızın, Azərbaycan və Qərb musiqisinin böyük sintezi
vardır. Bəstəkarın milli intonasiyanın və ritmlərin estrada janrında ifadə
etdiyi mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə, sözün
geniş mənasında sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli
duyğular aləminə – bəstəkarın musiqi dünyasına aparır. Bütün bu keyfiyyətlər
Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyildir ki, Xalq
şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı
janrında lövhə ustası” kimi xarakterizə edib.

Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə
vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı bu səmimi hissləri həm də
dinləyicidə aşılayır. Ölməz sənətkarımız Rəşid Behbudovun ifasında bu əsər
Azərbaycanı dünyada tərənnüm edən mahnılardan biri olub.

Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi
dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələmiş Elza İbrahimovanın təkcə
bu janrda yazdıqları bəlkə də on bəstəkarın yaradıcılığı qədərdir desək,
şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi bəstələdiyi şeirlərin gözəl
məzmun və dil vəhdəti isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.

Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə
qiymətləndirilmiş, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından
sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası”
beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə
layiq görülüb.

Bu gün qlobal dünyaya sürətlə inteqrasiya edən ölkəmizin yerli və xarici
televiziya və radio kanallarında növbənöv musiqilər səsləndirilir, hətta bəzən
məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın
musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi
qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində
bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi
yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

Source link