Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın sosial şəbəkədə Nəsimi rayonu 1 saylı Körpələr Evi ilə bağlı paylaşdığı videolar ciddi rezonansa səbəb olub.
ÇıxışYolu.Com xəbər verir ki, Aysunun iddiasına görə, sözügedən videolarda uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyim əşyalarının avtomobilə yüklənərək Körpələr Evindən kənara çıxarılması əksini tapıb.
Məsələ ilə bağlı “Xəzər Xəbər”ə danışan Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva bildirib ki, görüntülərdəki paketlərdə olan məhsullar camaşırxanaya göndərilir:
“O videoda görünən camaşırxanaya gedən əşyalardır. Hamı bilir ki, bələkdən çıxan əskilər bulaşıq olur. Onu da burada yumaq üçün şəraitimiz yoxdur. Səhiyyə Nazirliyinin müqaviləsinə görə, əşyalar camaşırxanada yuyulur”.
Aysunun yaydığı ikinci videodan da danışan həkim bildirib ki, müəssisəyə gələn uşaq bezləri dəyişdirilmək üçün aparılıb:
“Vətəndaşlar bizə hədiyyə məqsədilə uşaq bezləri gətirib. Onların da ölçüləri kiçik olub deyə, dəyişdirilmək üçün maşına yüklənilib və buradan çıxarılıb”.
Qeyd edək ki, məsələ Səhiyyə Nazirliyi tərəfindən araşdırılır.