Korrupsiya ilə mübarizə mövzusunda təlimlər keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həm müvafiq dövlət
orqanları, həm də vətəndaş cəmiyyəti institutları ilə birlikdə müntəzəm
tədbirlər həyata keçirilir.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin 20 iyul 2023-cü il tarixli əmri ilə
“İqtisadiyyat Nazirliyində 2023-cü ilin ikinci yarımilliyi üçün korrupsiya
risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı” təsdiq edilib.
Həmin planda sahibkarlıq fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə
uyğun və şəffaf həyata keçirilməsi, hüquq və vəzifələrin tam mənimsənilməsi,
vergidən yayınma və vergi hüquqpozmaları hallarına yol verilməməsi üçün vergi
ödəyiciləri ilə aparılan müvafiq maarifləndirmə və təşviqat işlərinin
səmərəliliyinin artırılması, vergi orqanı əməkdaşlarında antikorrupsiya
davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi,
korrupsiyaya qarşı mübarizə mövzusunda silsilə təlimlərin keçirilməsi nəzərdə
tutulur.
Belə tədbirlər çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən
Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları
üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməllərinin aşkar
olunması və istintaqının aparılmasında səmərəliliyinin artırılması” mövzusunda
təlim təşkil olunub.
Təlimdə DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Tədris
Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev iştirak
ediblər. Tədbirdə VCİABİ-nin 30-dan çox əməkdaşı iştirak edib, dinləyicilərin
korrupsiya ilə mübarizə, vergidən yayınma əməlləri barədə sualları
cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.