Kosmik uçuşların yeni potensial təhlükəli nəticələri aşkar edilib

Baxış sayı: 2. 608 dəfə baxılıb.

Kosmik uçuşların yeni potensial təhlükəli nəticələri aşkar edilib

Belçika, Rusiya və Almaniyadan olan beynəlxalq tədqiqatçılar komandası Beynəlxalq Kosmik Stansiyasında uzun müddət qalan insanlarda bəzi beyin mədəciklərinin dəyişməsini müşahidə edib.

Əvvəlki araşdırmalar isə göstərmişdi ki, davamlı kosmik uçuşlar zamanı qravitasiya qüvvəsinin onurğaya təsiri olmadığı üçün insanın boyu uzanır. Mütəxəssislərə kosmonavtlara xas olan görmə pozuntusu da tanışdır. Təzəlikcə isə kosmosun insan bədənində “mürgüləyən” virusları oyatdığı aşkar edilib.

Ekspertlərə həmçinin məlumdur ki, çəkisizlik şəraitində bədəndəki maye Yerdəki kimi aşağı enmir, orqanizmdə daha bərabər paylanır. Bunun nəticəsində bədənin yuxarı hissəsində adi Yer şəraitindən fərqli olaraq, daha çox maye yığılır. Bu müvəqqəti dəyişikliklərin hər hansısa sabit xoşagəlməz nəticələr törədib-törətməməsi, hələ ki, anlaşılmaz qalır. Lakin indiyədək onlar özünü biruzə verməyiblər.

Bu fenomeni daha yaxşı təhlil etmək və uzunmüddətli kosmik uçuslar zamanı onurğa beyni mayesinin bölüşdürülməsi nəticəsində beyində nə baş verdiyini öyrənmək üçün alimlər ortalama kosmosda 169 gün keçirmiş 11 kosmonavtı tədqiq ediblər.

Onlardan hər biri Yerə qayıtdıqdan sonra dərhal MRT-müayinədən keçib. Onun nəticələri beynin mövcud 4 mədəciyindən üçünün ölçüsünün orta hesabla 11,6 faiz böyüdüyünü göstərib.

Yeddi ay keçəndən sonra kosmonavtları təkrar müayinə ediblər. Nəticədə, alimlər uçuşdan sonra aylar ötdüyü təqdirdə belə kosmonavtların beyin mədəciklərinin normal ölçülərə qayıtmadıqlarını aşkar ediblər. Onların ölçüləri kosmosda olduğu vaxtdan fərqli olaraq, orta hesabla 6,4 faiz böyük olaraq qalırdı.

Hələ ki, vaxt keçdikcə bu beyin strukturlarının normaya qayıdıb-qayıtmayacağı məlum deyil. Tədqiqatçı komandası beyin mədəcikləri ölçülərinin dəyişiklikliyinin bütövlükdə beyin fəaliyyətinə təsir edib-etməməsini bilmir.

Qeyd edək ki, beynəlxalq alimlər qrupunun işlərinin nəticələri açıq şəkildə “Proceedings of the National Academy of Sciences of the United States of America” jurnalında dərc olunub.