Beynəlxalq kosmik stansiyada olan rusiyalı kosmonavtlar yuyunmaq üçün suyu amerikalı astronavtların seqmentindən götürməyə məcbur qalıb.
ÇıxışYolu.Com “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb stansiyanın Rusiyaya aid seqmentində suda sarı çöküntünün peyda olmasıdır.
“Energiya” raket kosmik şirkətinin baş konstruktorunun müavini Vladimir Solovyov kosmonavtların həyatına hər hansı təhlükənin olmadığını bildirib.
Onun sözlərinə görə, sarı çöküntü sadəcə suyun isitmə sistemində peyda olan adi ərpdir.
“Burada qorxulu heç bir şey yoxdur, belə hallarla Yerdə də tez-tez qarşılaşırıq. Problem çox asan şəkildə həllini tapır: biz sadəcə kosmonavtların “samovar” adlandırdığı bloku operativ şəkildə ehtiyat blokla əvəzləyəcəyik”, – deyə agentliyin müsahibi bildirib.