Kramatorskda ölənlərin sayı 50-yə çatıb – YENİLƏNİB + FOTO/VİDEO
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına
endirilən raket zərbəsi zamanı ölənlərin sayı artıb.
Verilən son məlumata görə, hadisə qurbanlarının sayı 50 nəfərə çatıb, onlardan
beşi uşaqdır.
Məlumatı vilayətin rəhbəri Pavlo Kirilenko da təsdiq edib.
15:35
“Kramatorsk xəstəxanaları raket zərbəsi endirilmiş vağzaldan gətirilən
yaralıların çoxluğu ilə bacarmır”.
Bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko məlumat verib.
Onun sözlərinə görə, faciədən sonra xəstəxanada 30-40 cərrah eyni zamanda
əməliyyat aparır.
“Çox ağır yaralılar var, əlləri, ayaqları qopub, eyni zamanda 30-40 cərrah
əməliyyat edir”, – Qonçarenko deyib.
O əlavə edib ki, raketlərin qalıqlarını dəmiryolu vağzalından 40 metr aralıda
da tapırlar ki, bu da zərbənin çox güclü olduğundan xəbər verir.
Merin sözlərinə görə, hadisə zamanı vağzalda təxliyə gözləyən təxminən dörd
min insan olub.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hadisə yerindən video
paylaşıb.
Mənbə: Unian
14:34
Ukraynada, Kramatorsk şəhərində dəmiryolu vağzalına iki ədəd “Toçka-U”
raketinin atılması nəticəsində, ilkin məlumata görə, 39 nəfər həlak olub,
onlardan dördü uşaqdır.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artyom Dextyarenko
“Facebook”da məlumat verib.
Onun sözlərinə görə, fakt üzrə Cinayət Məcəlləsinin 438-ci maddəsi (müharibə
qanun-qaydalarının pozulması) üzrə cinayət işi açılıb.
13:08
Rusiya Ukraynanın Kramatorsk şəhərindəki qatar stansiyasına iki raket atıb.
Bu barədə Ukraynanın Dövlət Dəmir Yolu Şirkəti məlumat yayıb.
İnsan sıxlığının yaşandığı qatar stansiyasına raket atılması nəticəsində
30-dan çox ölü və yüzlərlə yaralı olduğu bildirilir.
Ukraynanın şərqindəki qatar stansiyası mülki şəxslərin təxliyəsi üçün istifadə
olunur.
Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko “Telegram”
hesabında hadisə ilə bağlı fotolar paylaşıb. Onun sözlərinə görə, Rusiya
“Toçka-U” raketlərindən istifadə edib.